...

“Tərəqqi” medallı diaspor fəalı: “Prezidentimizin mənim 20 illik fəaliyyətimi qiymətləndirməsi yüksək etimaddır”

27.04.2022

Dünya Azərbaycanlılarının V Qurultayi ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup soydaşımız “Dostluq” ordeni və “Tərəqqi” medalı ilə təltif olunublar.

“Tərəqqi” medalına layiq görülənlər arasında “Odlar Yurdu” Niderland-Azərbaycan Cəmiyyətinin sədri, 25 ildir Niderlandda yaşayan Frəngiz Bağırova da var. Bu cəmiyyət Niderland Krallığında Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini və incəsənətini gənc nəslə tanıtmaq məqsədilə çoxlu sayda müxtəlif uğurlu layihələr həyata keçirir.

Frəngiz xanım bu gözəl hadisə ilə bağlı təəssüratlarını bölüşüb: “Təbii ki, çox sevinirəm. Hörmətli Prezidentimizin mənim 20 illik fəaliyyətimi qiymətləndirməsi və “Tərəqqi” medalına layiq görməsi yüksək etimaddır. Prezidentin bu etimadını bundan sonra da diaspor sahəsində görəcəyim işlərlə doğrultmağa çalışacağam. Fürsətdən istifadə edib Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Dünya Azərbaycanlılarının V Qurultayının proqramı çox yüksək səviyyədə hazırlanmışdı”.

Frəngiz xanım qeyd edib ki, V Qurultayın Şuşada keçirilməsi soydaşlarımızda böyük fəxarət hissi doğurub: “Mən Şuşada ilk dəfə oldum. 30 illik həsrət bitdiyi üçün çox şadam. Şuşada olarkən həm sevinc hissi, həm də ürəkağrısı keçirdim. Çünki mənfur və vandal qonşuların Şuşanın tarixi-mədəni irsini, yaşayış binalarını və mülki infrastrukturu barbarcasına dağıtmasının canlı şahidi oldum. Amma bizim İlham Əliyev kimi dövlət başçımız var. Əgər post-müharibə dövründə çox qısa müddət ərzində mülki infrastrukturlar qurulubsa, dağıdılmış binaların yerində yeni binaların tikintisinə start verilibsə, inanıram ki, tezliklə şuşalıların doğma şəhərə möhtəşəm qayıdışı baş verəcək”.