...

Estoniya prezidentinin türk dilləri üzrə şəxsi tərcüməçisi: “Bu medalın verilməsi üçün həm zaman, həm də məkan doğru idi”

27.04.2022

Estoniyada yaşayan şair, tərcüməçi, publisist, ictimai xadim, professor Xaqani Qayıblı Gürcüstanın Saqareco rayonunun Zemo Ləmbəli (Qaraçöp) kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə AYB nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyanın Tartu Universitetinə göndərilib. Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbə olub. Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, fəxri Estoniya vətəndaşlığı alan, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alimdir. 1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir.

Xaqani Qayıblı Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunduğu üçün dövlət başçımıza təşəkkürünü bildirib: “Şuşada bu mükafat təqdim edilərkən bildirdim ki, insanın həyatında çoxlu sayda mükafatlar olur. Amma “Tərəqqi” medalı özəl mükafatlardandır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımızın azad etdiyi Şuşa kimi şəhərdə “Tərəqqi” medalının təqdim olunması köksümü qabartdı. Bu etimad azərbaycanlı olaraq üzərimə daha çox məsuliyyət qoydu. Yaşadığımız ölkələrdə azərbaycanlı olmaq asandır, amma azərbaycanlı kimi yaşamaq çox çətindir. Davranışımız, adığımız hər addım birbaşa mənsub olduğumuz xalqın adına yazılır. Dövlət başçısının diqqəti məsuliyyətlə yanaşı, ruh yüksəkliyi yaradır, eyni zamanda yeni üfüqlər fəth etməyə təşviq edir. Dövlətin ali instansiyasından belə təşviq gəlirsə, insan öz daxilində barındırdığı cövhərləri yenidən kəşf edir. Bu medalın verilməsi üçün həm zaman, həm də məkan doğru idi. Bu etimadı doğrultmağa çalışacağıq”.