Bakıda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib
Bakı şəhərindəki “Park İnn” otelində müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və Vətən müharibəsi qaziləri üçün iftar süfrəsi açılıb.
Benilüks Azərbaycanlıları Konqresinin və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı, “Yüksəliş” Gənclər Hərəkatının tərəfdaşlığı ilə baş tutan tədbirdə Milli Məclisin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, yerli ictimaiyyətin, diasporun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Tədbirdə Benilüks Azərbaycanlıları Konqresinin rəhbəri Elsevər Məmmədov, Milli Məclisin sədr müavini Adil Əliyev, Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxış ediblər.
Natiqlər müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələrini və tədbir iştirakçılarını təbrik ediblər. Şəhid ailələrinin qəhrəmanlarımızın əmanəti olduğu, məhz həmin oğullarımızın haqq savaşımızda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanlarında şanlı tarix yazdığı, mənfur düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad etməklə xalqımıza möhtəşəm Qələbə sevinci yaşatdıqları vurğulanıb.
Benilüks Azərbaycanlıları Konqresinin “Dayaq” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində müharibə və post-müharibə dövründə şəhid ailələri və Vətən müharibəsi qazilərinə həsr olunmuş müxtəlif formatlı layihələrdə iştirak etdiyi və diaspor dəstəyi göstərdiyi nəzərə çatdırılıb.
Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı olduğunu xatırladan E.Məmmədov bu mötəbər tədbirin Şuşa şəhərində keçirilməsini 50 milyonluq xalqımız üçün mənəvi dəyərin yüksək olmasının göstəricisi adlandırıb, Azərbaycan diasporunun yeni tarixi mərhələdə fəaliyyət istiqamətlərinin məhz igid oğullarımızın qəhrəmanlığı sayəsində azad olunmuş mədəniyyət paytaxtımızda müəyyənləşdirilməsinin xüsusi məna kəsb etdiyinə diqqət cəlb edib.
Zəfər Qurultayı kimi qiymətləndirilən bu mötəbər tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Diasporla iş üzrə Dövlət Komitəsinə dərin minnətdarlıq ifadə edilib.