“Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda II panel iclası
Moderator: Elşad Əliyev - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini
Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri Niyazi Niyazovun ÇIXIŞI
44 günlük müharibədə Azərbaycanın zəfər çalması ona gətirib çıxardı ki, müasir Azərbaycan dövlətçiliyinin inkişafının əsas vəzifəsi – Ermənistanın Qarabağda işğal etdiyi ərazilərin azad edilməsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Prezident İlham əliyevin siyasi və hərbi rəhbərliyi altında uğurla həll olundu.
Atəşkəs haqqında bəyanat imzalandıqdan sonra Azərbaycan Prezidenti Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin ikinci plana keçdiyini, Azərbaycan dövlətçiliyi üçün birinci vəzifənin işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi olduğunu bəyan edib.
Bu gün artıq aydındır ki, Azərbaycan azad edilmiş ərazilərin bərpasını intensiv aparır, qısa müddət ərzində avtomagistrallar tikilir, Füzulidə aeroport istifadəyə verilib, Şusada, Ağdamda genişmiqyaslı işlər başlayıb. Heç kimdə şübhə yarana bilməz ki, Qarabağın tezliklə dirçəldilməsi və məcburi köçkünlərin geri qayıtması planları qısa müddət ərzində reallaşacaq. Deməli, artıq bu gün Qarabağın, o cümlədən onun təhsil sahəsinin gələcəyi barədə düşünmək lazımdır.
Fikrimizcə, müasir siyasətin, iqtisadiyyatın və təhlükəsizliyin reallıqları məktəbəqədər təhsil sistemindən başlayaraq ali təhsil sisteminə qədər Qarabağ təhsil sisteminin inkişafına təsir göstərəcək.
Qarabağda təhsil sisteminin bərpası "universal yanaşmalar" və "çevik yanaşmalar" əsasında qurulmalıdır. Onlar hazırda mövcud olan və gələcəkdə görünə biləcək təhsil fəaliyyətinin müxtəlif formalarını nəzərə almalıdırlar.
Universal yanaşmalar sırasında təhsil müəssisələrinin təhlükəsizliyinin təmin edilməsi problemi birinci yer tutur:
- Hər bir təhsil müəssisəsinin, yaxud bir neçə müəssisənin yaxınlığında polis Dayaq Məntəqəsinin və tibb kabinetinin yaradılmasına ehtiyac vardır.
- Aydındır ki, hər bir belə təhsil müəssisəsi yanğın siqnalizasiyasının müşahidə kameraları və sensorları ilə təchiz olunacaq. Bundan başqa, hər bir təhsil müəssisəsi bomba sığınacaqları da daxil olmaqla, mütləq qaydada mülki müdafiə obyektləri ilə təchiz olunmalıdır. Belə sığınacaqları ilk başdan elə tikmək lazımdır ki, kinoteatr, qapalı idman meydançası və s. kimi istifadə edilsin.
- Dünyada hökm sürən meylləri nəzərə alaraq təhsil müəssisələrində əlilliyi olan şəxslərin binalarına daxil olmaq üçün hər cür şərait yaradılmalıdır.
Təhsil sisteminin məzmun və mühitinin formalaşmasına çevik yanaşmalar ilk növbədə təhsil fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlıdır.
Post-sovet ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da təhsil sisteminin maliyyələşdirilməsinin əsas ağırlığı dövlətin üzərinə düşür. Bu, ölkə vətəndaşları tərəfindən dövlətin öhdəliyi kimi qəbul edilir, üstəlik, çoxları hesab edir ki, dövlət təhsil fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürərək, bu sahənin maliyyələşdirilməsinin həcmini artırmalıdır.
Bu yanaşma müasir iqtisadiyyatın reallıqlarına uyğun gəlmir, xüsusən də nəzərə alsaq ki, Qarabağın dirçəlişi çox böyük maliyyə resursları tələb edir.
Bizim fikrimizcə, məktəbəqədər təhsil sisteminin inkişafı üçün, dövlət yalnız büdcə məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirilməsini öz üzərinə götürməlidir, eyni zamanda şərait yaratmalıdır ki, bu müəssisələr ödənişli əsaslarla uşaqların məktəbə hazırlanması, onların yaradıcılıq potensialının inkişafı üçün xidmət göstərə bilsinlər.
Bundan başqa, özəl məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti üçün də şərait yaradılmalıdır.
Mədəniyyət müəssisələrində təhsil və asudə vaxtın təşkili sahəsində pullu xidmətlərin göstərilməsi ilə dərnəklərin açılması məqsədəuyğun görünür. Bu müəssisələrdə fəaliyyət göstərən dərnək rəhbərləri büdcədən maaş almalı deyillər, özünümaliyyələşdirmə prinsipi ilə işləməlidirlər, lakin bu zaman onlar üçün şəffaf, qarşılıqlı əlaqə sxemləri yaradılmalıdır (iş yerlərinin icarəsi və xidmətlərin göstərilməsi üçün).
Uşaqların musiqi təhsili alması qarabağlılar üçün həmişə mühüm əhəmiyyət kəsb etmişdir. Ancaq bu təhsil hətta SSRİ dövründə də tamamilə dövlət büdcəsindən maliyyələşdirilmirdi. Bu təcrübə saxlanılmalıdır.
Bəzi hallarda xüsusi istedadlı uşaqları dəstəkləmək üçün təhsil haqqını ödəməkdən azad etmək və ya təhsil almaq üçün məqsədli dövlət qrantının alınmasını nəzərdə tutmaq olar.
Bununla yanaşı, dövlət musiqi məktəblərinin açılması ilə yanaşı, özəl və ya korporativ musiqi müəssisələrinin fəaliyyətə başlaması üçün şərait yaradılmalıdır. Məsələn, bu cür kollektivlərin, yaxud musiqi məktəblərinin maliyyələşdirilməsini ölkənin aparıcı müəssisələri öz üzərinə götürə bilər. Nümunə kimi "Qarabağ" FK-nın öz sponsorları ilə qarşılıqlı fəaliyyət modeli ola bilər.
Bu gün Azərbaycanda təhsil prosesinin müasirləşdirilməsi ilə Azərbaycan Təhsil Nazirliyi fəal məşğul olur. Bizim nöqteyi-nəzərdən, dəyişikliklərin vacib amili tədris dilinin seçimi olmalıdır.
Bugünkü reallıqlar belədir ki, təhsil müəssisələrinin əhəmiyyətli hissəsində (lakin heç də hamısında) təhsil Azərbaycanın dövlət dilində, ingilis və rus dilində aparılmalıdır, sonuncu ikisinin mənimsənilmə səviyyəsi kifayət qədər yüksək olmalıdır. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin, təhsil naziri Emin Əmrullayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan azad olunmuş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynovun, Xankəndi şəhərindən millət vəkili Tural Gəncəliyevin fəaliyyəti bu yolun (seçimin) əhəmiyyətini göstərir. Bu siyasi xadimlər artıq Azərbaycan gənclərinin kumirinə çevriliblər, onları nümunə götürürlər.
Qarabağın inkişafı və bərpası üçün peşəkar və ya orta peşə təhsili sisteminin inkişafı mühüm əhəmiyyət kəsb edəcəkdir.
Tikinti, avtomobil və kənd təsərrüfatı texnikasının istismarı sahəsində mütəxəssislərin, istilik sistemlərinin, su arteriyalarının, kanalizasiya sistemlərinin, elektrik şəbəkələrinin, havalandırma sistemlərinin xidməti də daxil olmaqla mühəndis kommunikasiyalarının tikintisi və istismarı sahəsində mütəxəssislərin hazırlanması perspektivlidir.
Azad edilmiş rayonlarda çəkilən yeni logistika marşrutları, dəmir yolu və avtomobil yollarının tikintisi və istismarı sahəsində mütəxəssislərin hazırlanmasına başlamağın zəruriliyini diqtə edir, "ağıllı/yaşıl şəhər" konsepsiyası isə müxtəlif təyinatlı kompüter sistemlərinin qurulmasına və istismarına qadir şəxslərin hazırlanmasını tələb edir.
Müasir şəraitdə şəbəkə və pərakəndə ticarətin təşkili ilə məşğul olan şəxslərin hazırlanması da mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bizə belə gəlir ki, bu cür mütəxəssislərin hazırlanması Qarabağın azad olunmuş hissələrinə gələcək ticarət şəbəkələri vasitəsilə həyata keçirilməlidir.
Qarabağ böyük turizm potensialına malikdir, ona görə də turizm sahəsində mütəxəssislərin hazırlanması ön plana çıxır, bu yolda xarici təcrübədən, ilk növbədə Türkiyə təcrübəsindən istifadə etmək lazımdır.
Ümumilikdə, bir sıra mütəxəssislərin hazırlanması istisna olmaqla, Azərbaycanın təhsil sistemi yuxarıda sadalanan kadrların hazırlanması məsələlərini uğurla həll edə bilər.
«Qarabağ» Universiteti. Bizim fikrimizcə, "Qarabağ" Universiteti Azərbaycanın Diplomatik Akademiyası, BDU, BSU, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, eləcə də Türkiyənin, Rusiyanın, bir sıra Qərb ölkələrinin aparıcı təhsil müəssisələrinin birgə fəaliyyətlərinin meydançası olmalıdır. Söhbət bu ali məktəblərin Ağdamda filiallarının yaradılmasından getmir, söhbət məhz birgə işlərdən, birgə layihələrin reallaşdırılmasından getməlidir. Bu fəaliyyətin maliyyələşdirilməsi üçün sponsorların, o cümlədən Qarabağın bərpasına sərmayə yatırmağa hazır olan Azərbaycan diasporundan olan şəxslərin vəsaiti cəlb olunmalıdır.
Diqqətinizə görə təşəkkür edirəm.