“Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda II panel iclası

Moderator: Elşad Əliyev - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini

26.04.2022

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Maliyyə Korporasiyasında çalışan Azərbaycanlılar Assosiasiyasının təsisçisi Bəxtiyar Kərimovun ÇIXIŞI

Hörmətli xanımlar və cənablar!
Hörmətli qurultay iştirakçıları!
Bu gün dünyanın bütün qitələrini təmsil edən Azərbaycan diasporunun təxminən dörd yüz nümayəndəsi Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmək və dünya azərbaycanlılarının qlobal həmrəyliyini nümayiş etdirmək məqsədilə Şuşada bir araya gəlib. Qurultay iştirakçıları diaspor fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı bütün məsələləri müzakirə edəcək və Qarabağın bərpası prosesini sürətləndirməyin yollarını müəyyənləşdirəcəklər.
İkinci Qarabağ Müharibəsinin zəfərlə dolu günləri bizim həmrəyliyimizin necə güclü olduğunu nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qazandığı Qələbə, torpaqlarımızın bugünki azadlığı məhz o həmrəyliyin, o birliyin nəticəsi olmuşdur.
Bu gün sevimli Qarabağımızın bərpası, iki muharibənin və uzun müddət davam edən erməni işğalının mənfi təsirlərinin azaldılması xalqımızın əsas məqsədlərindən biridir. Düşünürəm ki, bu gün bütün azərbaycanlılar, bütün diaspor təskilatları bir araya gələrək həmrəyliklərini göstərib vətənə yardim etməli, Qarabağın bərpasının qısa bir müddətdə təmin olmasında iştirak etməlidir.
Qarabağda aparılan bərpa işlərinin əsasını Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş və həyata keçirilən muxtəlif Dövlət proqramları və layihələri təşkil edir. İşğal olunmuş ərazilər azad edildikdən sonra büdcəsi bir neçə milyard manat olan müxtəlif infrastruktur layihələri dövlət tərəfindən uğurla həyata keçirilir. Bu layihələrə avtomobil yollarının salınması, enerji, qaz və su təchizatı obyektlərinin tikintisi daxildir. Həmçinin uzun illərin həsrətindən sonra doğma evlərinə qayıtmağı planlaşdıran həmvətənlərimiz üçün ilk yaşayış məntəqələri, o cümlədən sosial infrastruktur obyektləri tikilməkdədir.
Ümumiyyətlə, müharibədən sonrakı dövrü yaşayan ölkələrin qlobal təcrübəsi göstərir ki, yenidənqurma və abadlaşdırma proqramlarının həyata keçirilməsi böyük investisiyaların səfərbər edilməsini və bütün ölkənin - hökumətin, özəl sektorun və cəmiyyətin səylərinin əlaqələndirilməsini tələb edir.
Qarabağın yenidən qurulmasında iştirakın əlaqələndirilməsi üçün Azərbaycan hökuməti Qarabağ Dirçəliş Fondunu yaratdı. Fond işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, bu regionun dayanıqlı iqtisadiyyata malik regiona çevrilməsi istiqamətində fəaliyyət üçün maliyyə dəstəyi və investisiya cəlb edəcək.
Peşəkar iş təcrübəmə əsaslanaraq düşünürəm ki, diaspor üçün Qarabağın yenidən qurulmasına dəstək vermənin ən səmərəli yolu bir neçə fəaliyyətdən keçə bilər:
● İctimai maarifləndirmə tədbirləri olaraq Qarabağ münaqişəsinin tarixi, erməni işğalının mənfi təsirləri, Azərbaycanın şəhər və qəsəbələrinin, mədəni, dini və tarixi abidələrin dağıdılmasının ictimaiyyətin hər bir təbəqəsində yayılması və izahı;
● Qarabağın yenidən qurulması proqramının fəaliyyətləri haqqında məlumatın potensial donorlarla, o cümlədən davamlı inkişaf və maliyyə institutları, çoxsaylı xeyriyyə fondları və diasporun məskunlaşma ölkəsində fəaliyyət göstərən müxtəlif özəl şirkətlərlə bölüşülməsi;
● Diasporla İş üzrə Dövlət Komitəsi və Prezidentin Xüsusi Nümayəndəliyinin koordinasiyası ilə Azərbaycan dövlətinə regionun sosial inkişafının həllinə yönəlmiş fərdi layihələrin həyata keçirilməsinə (məktəblərin, xəstəxanaların kitabxanalar, məscidlər və s tikintisi) və ya konkret inzibati ərazilərin (Susa, Ağdam və s.) gələcək inkişafına dəstək vermək məqsədilə bütün növ ianələrin toplanmasının səfərbər edilməsi;
● Diaspor üzvlərinin öz ölkələrində müxtəlif mədəni tədbirlərin, o cümlədən klassik və xalq musiqisi konsertlərinin, Şuşaya turist səfərlərin, ticarət yarmarkalarının və festivalların təşkili yolu ilə maliyyə toplama fəaliyyətlərinin, fandreyzinqlərin həyata keçirilməsi vacib maliyyə mənbəyinin formalaşmasına kömək edə bilər.
O cümlədən hökumət 2022-ci ilin oktyabrında Bakıda 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın bərpası, yenidən qurulması və inkişafı” sərgisini təşkil edəcək. Tədbirin təşkilatçıları ilə razılaşdırılaraq, diaspor təşkilatları bu tədbir haqqında məlumat yaymaq və Qarabağda aparılacaq yenidənqurma işlərində iştirak etməkdə maraqlı olan xarici şirkətlərin cəlb edilməsinə kömək edə bilər.
Azərbaycana və Qarabağın dirçəlişinə dəstək vermək üçün çalışan bir çox diaspor təşkilatları sırasında ABŞ-da da səmərəli təşəbbüslər vardır. Xüsusilə Vətən müharibəsi və post-müharibə dövründə bu fəallıq diqqəti cəlb etdi.
Biz xalqımız və dövlətimizlə birlikdə Qarabağımızın yenidən dünyanın ən gözəl məkanına çevrilməsinə nail olacaq, xalqımızın qüdrətini, vətənpərvərliyini və sülhsevərliyini dünyaya çatdıracağıq.
Diqqətiniz üçün təşəkkür edirəm!