“Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda I panel iclası
London şəhərində fəaliyyət göstərən “Sara Xatun” Qadınlar Cəmiyyətinin rəhbəri Simuzər Baloğlanovanın ÇIXIŞI
Əziz həmvətənlərim və dəyərli qonaqlarımız!
Hamınızı ürəkdən salamlayıram. Bu gün burada, mənəviyyatımızın paytaxtı və mədəniyyətimizin beşiyi olan Şuşada qarşınızda çıxış etmək mənim üçün böyük şərəfdir.
Xaricdə yaşayan həmvətənlərinizdən biri olaraq fəaliyyətimin hər istiqamətində Vətənimi layiqincə təmsil etməyi özümə borc bilir, azərbaycanlı olduğum üçün fəxr edirəm.
Hər zaman düşünmüşəm ki, xaricdə yaşayan həmvətənlərimiz üçün Azərbaycan dilinin tədrisinin təşkili ən vacib məsələlərdən biridir, çünki bu yolla, sadəcə, dili tədris etmir, həm də Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı, adət-ənənələrini də tantmış oluruq. Lakin hesab edirəm ki, bununla yanaşı, bu mərhələdə fəaliyyətimizi aşağıdakı istiqamətlər üzrə daha da genişləndirməliyik:
1. Müasir Azərbaycan ədəbiyyatı nümayəndələrinin, eləcə də klassiklərimizin əsərlərini tərcümə edərək daha çox tanıtmalı, Azərbaycan dilində olan kitabların dünya kitabxanalarının rəflərində yerini tapmağlna köməklik göstərməliyik;
2. Xaricdə təhsil alan gənclərimizin aktiv əlaqələrini və birliyini təmin edəcək təşkilatlar qurmalı və onların fikir mübadiləsi edə biləcəyi, eləcə də problemlərini dilə gətirəcəyi Forumlar təşkil etməliyik;
3. Müasir Azərbaycan qadınlarının problemlərinin həllinə töhfəsini verəcək Qadın cəmiyyətlərini qurmalıyıq;
4. Müasir Azərbaycan incəsənəti nümayəndələrinin əsərlərindən, eləcə də milli sənət (xalçaçılıq, misgərlik, tikiş və s.) nümunələrindən ibarət sərgilər təşkil etməliyik;
5. Yeni nəsil üçün “Vətən torpağının müqəddəsliyi və bölünməzliyi”, “köklərimizə və mədəniyyətimizə bağlılıq”, “Azərbaycan tarixi”, “Azərbaycan Respublikasının coğrafiyası və təbiəti”, “UNESCO tərəfindən qorunan tarixi abidələrimiz və qeyri-maddi irsimiz” mövzularında seminarlar təşkil etməliyik.
Bundan əlavə, yaşadığımız ölkələrin dövlət strukturlarında, eləcə də hakimiyyət orqanlarında fəaliyyət göstərən tanınmış şəxslərlə sıx əlaqə saxlamalı, yazışmalı, görüşlər təşkil etməli, onlara artıq çox daha yüngül olan, lakin hələ də bitməmiş haqlı mübarizəmiz haqqında məlumatlar verməli, bununla da dövlətimizə, ordumuza və millətimizə kömək etməliyik. Biz də bir Orduyuq, sadəcə öz fəaliyyət sahəmizin generalları və əsgərləriyik.
Mən çox istərdim ki, müxtəlif ölkələrin şəhərlərində Azərbaycana aid adlar daşıyan küçələr olsun, bu küçələri Azərbaycan heykəltraşlarının əsərləri, Azərbaycanın məşhur simalarının heykəlləri bəzəsin!
Əminəm ki, bu saydığım məsələlərin həllində güçlü dövlətimizin dəstəyinə arxayın ola bilərik. Diasporla İş üzrə Dövlət Komitəsinin də qeyd olunan məsələlərin bütün dünyada reallaşdırılması üçün əlaqələndirici roluna inanırıq.
Qoy, mərd oğullarımızın dastan yazdığı, şəhidlərimizin qanı, qazilərimizin yaraları ilə müqəddəsləşmiş 44 günlük müharibəmiz bu torpaqlardakı son müharibə olsun, Vətənimizdə əbədi sülh bərqərar olsun!
Diqqətiniz üçün minnətdaram!