“Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda I panel iclası

26.04.2022

Moderator: Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədri, Tibb elmləri doktoru, Köln Universitetinin dosenti Nuran Abdullayevin ÇIXIŞI

Hörmətli Qurultay iştirakçıları, xanımlar və cənablar!
İcazənizlə, öncə özümü təqdim edim. 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Bakıda Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alıb və burada ingilis dilində sərbəst danışmaq bacarıqlarına yiyələnmişəm. 2006-cı ildə məktəbi fərqlənmə attestatı ilə bitirərək Azərbaycan Tibb Universitetinə qəbul olmuşam və 2012-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurmuşam. Daha sonra Türkiyəyə gedərək Türkiyənin müxtəlif universitetlərində təcrübə mübadiləsində, yay təcrübələrində iştirak etmişəm. 2012-ci ildə tibb təhsilini davam etdirmək üçün Almaniyanın Köln Universitetinə müraciət etmişəm. 3 ay ərzində alman dilində danışıq bacarıqlarını xeyli təkmilləşdirərək, məni Almaniyaya dəvət edən professorun tövsiyəsi ilə bu ölkədə fəaliyyətimi davam etdirmişəm və Köln Universiteti klinikasında həkim ştatında rəsmi işə başlamışam. Eyni zamanda Almaniya tibbinin ekvivalentlik imtahanını uğurla verərək, Avropada ömürlük həkim işləmək hüququ qazanmışam. 2019-cu ildə beyin əməliyyatları sahəsində əldə etdiyim yenilikləri araşdırmaq və tədqiqatlarını sona çatdırmaq üçün Almaniyanın Neyroradiologiya Cəmiyyəti ilə əməkdaşlığa başlayıb və bu cəmiyyətin xüsusi təqaüdünü qazanmışam. Hal-hazırda Köln Universitet Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışıram. 2022-ci ildə Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədri seçilmişəm.
Çıxışıma Vətən müharibəsinin getdiyi vaxtlarda yaşadığım bir hadisəni danışmaqla başlamaq istəyirəm. Köln şəhərində çalışdığım klinikaya vəziyyəti kritik olan insult xəstəsi gətirildi və mən beyin əməliyyatına qərar verdim. Əməliyyat əla nəticə ilə bitdi. Xəstə ayıldı, mən ona yaxınlaşana qədər başına nə gəldiyini, ölümdən döndüyünü və onu kimin xilas etdiyini digər həkimlər demişdilər. Müayinəyə başlayıb tibbi suallar verəndə zəif, qırıq səslə “Azərbaycan” dedi və gözüyumulu gülümsədi. Təəccübləndim. Soruşdum ki, “Azərbaycanı tanınyırsınız? Niyə gülümsəyirsiniz?” Cavabında “İlham Aliyev” dedi və əli ilə “əla” işarəsini göstərdi. Öz-özümə dedim ki, pasiyent ayılandan sonra onunla mütləq bir də danışacağam. Səhər getdim yanına, halını soruşduqdan sonra “dünən Prezidentimizin adını çəkdiniz, onu tanıyırsınız?” - deyə soruşdum. “Bəli, tanıyıram, onun bütün müsahibələrini izləyirdim, düz danışır”, - deyə cavab verdi. Söhbətimiz uzun oldu. O almanın həyatda qalmasında rolumun olmasına çox sevindim. Həm də çox qürurlu idim. Bu, həm də Azərbaycan həqiqətlərinin yayılmasının gözəl, ideal bir nümunəsi idi.
Hörmətli qurultay iştirakçıları!
Post-müharibə dövründən sonra yaranan yeni reallıq özünü nəinki Azərbaycanın dünya miqyasında olan siyasi fəaliyyətində, eləcə də Azərbaycanın adı ilə bağlı olan bir çox sahələrdə də əks etdirir. Bu cür fəaliyyətlərdə azərbaycanlılar olaraq Vətənimiz, dövlətimizlə bağlı həqiqətlərimizi lazımi səviyyədə və istənilən şəkildə çatdırmaq üçün bizə daha sistemli birgə fəaliyyət və bu fəaliyyət istiqamətində xüsusi nizam-intizam lazımdır. Çünki nizam-intizam olan yerdə məqsədlərə daha tez çatmaq mümkündür. Düşünürəm ki, bu gün Azərbaycan olaraq diaspora fəaliyyətindəki inkişafın yeni mərhələsinə çatmışıq. Əminliklə deyə bilərəm ki, bu da ölkə rəhbəri cənab İlham Əliyevin birbaşa tapşırığı ilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin özünə məxsus şəkildə olan nizam-intizamlı fəaliyyəti sayəsində mümkün olmuşdur.
Bu gün bizlərin üzərinə düşən isə yeni inkişaf mərhələsinə qədəm qoymuş diaspor fəaliyyətini bacara biləcəyimiz ən üst səviyyəyə çatdırmaq və bunu növbəti nəsillərə ötürməkdir. Düşünürəm ki, burada fəaliyyət istiqamətləri akademik və qeyri-akademik səviyyələr olaraq ayrılmalıdır.
Ümumi olaraq isə vəzifələr və məqsədlər vəhdət təşkil etməlidir. Vəzifə və məqsədlərdən danışarkən düşünürəm ki, Vətən müharibəsi zamanı yaşadıqlarımızı göz qabağına gətirmək və bizə qarşı doğru olmayan mövqeləri düşünərək yola çıxmaq lazımdır. Belə ki, bundan sonrakı mərhələdə bizi tanımayanlara Azərbaycanın necə sülhpərvər ölkə olduğunu və cənab Prezidentin dediyi kimi, düşmənə yalnız döyüş meydanında beynəlxalq qanunlar çərçivəsində cavab verən ləyaqətli bir ölkə olduğumuzu göstərməliyik. Fəaliyyət istiqamətində bizim Vətən müharibəsində ləyaqət prinsipini əsas tutmağımız önə çıxarılmalıdır.
Bu cür fəaliyyətlərin intensivliyini daha da aktiv etmək üçün bu gün ölkədə olan, amma xarici ölkələrdə dövlətçilik prinsiplərini əsas tutaraq müvafiq ixtisaslarda təhsil ala biləcək gənclərə şərait yaradılmalı və onların seçiminə xüsusi diqqət yetirilməlidir. Bu yol xəritəmizin önəmli meyarlarındandır. Bundan əlavə, Azərbaycan diasporunun yol xəritəsində çox önəmli yer tutacaq digər məsələlərdən biri də xarici ölkələrdəki media gücümüzü inkişaf etdirməkdir ki, bunun da önəmini bir daha Vətən müharibəsində gördük. Buna da ən üst səviyyədə ixtisaslı kadrlara və eləcə də gənclərə jurnalistika sahəsində xaricdə təhsil almaq şəraiti yaratmaqla, onlara dəstək olmaqla ən etibarlı şəkildə nail olmaq mümkündür.
Sonda isə öz adımdan bu günə qədər diaspor fəaliyyəti ilə şərəf və ləyaqətlə məşğul olan, bununla da dövlətə və dövlətçiliyə sadiqlik nümunəsi olan hər kəsə təşəkkür edirəm və hər birinizə daha da böyük və qüdrətli Azərbaycan naminə fəaliyyətinizdə uğurlar arzulayıram! Çıxışımın əvvəlində dediyim nümunəni bir daha xatırladaraq burada iştirak edən və iştirak etməyən xarici ölkələrdə yaşayan bütün soydaşlarımıza müraciət edirəm: Gəlin, diaspor nümayəndələri olaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və lazım olanda bəzi qüvvələrin yalanlarını ifşa etmək məsələsində cənab Prezidentdən nümunə götürək.