...

Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri Lalin Həsənovanın ÇIXIŞI

26.04.2022

Hormətli Qurultay iştirakçıları!
Sizi 30 ildən artıq həsrətində olduğumuz Qarabağımızın baş tacı, Türk Dünyasının mədəniyyət mərkəzi olan Şuşada qəhrəman xalqın qızı kimi qürur hissi ilə salamlayıram.
Bizə bu fəxarəti yaşadan Allahımıza, Ali Baş Komandanımıza, şücaətli ordumuza, qazi qardaşlarımıza sonsuz təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Dövlətimizin diaspor quruculuğunun təkmilləşdirilməsi işində göstərdiyi dəstək göz qarşısındadır. Onu da qeyd edim ki, istər Diaspor Komitəsi, istər Diaspora Dəstək Fondu həqiqətən gecə-gündüz əllərindən gələni edir. Xüsusilə son 3 ildə Komitə kollektivinin demək olar ki, durmadan göstərdiyi fəaliyyət həqiqətən adamı heyrətə gətirir və həvəsləndirir.
Dövlətimizin bu qədər dəstəyi qarşısında qalan iş bizlərin üzərinə düşür. Biz daha yaradıcı olmalıyıq və onlardan qat-qat artıq işlər görmək borcumuzdur. Bu gün istədiyimiz zaman azad Vətənimizə gəlib yaşaya biliriksə, buna görə illərdir sayı bitməyən şəhidlərimizin ruhu və o övladları böyüdən anaların qarşısında borcluyuq.
Öz adımdan deyə bilərəm ki, 2015-ci ildən başladığım diaspor fəaliyyəti müddətində Azərbaycanı Kanadada əlimdən gələn qədər təbliğ etməyə çalışmışam. Bu illər ərzində dünyanın ən top universitetlərindən olan Toronto Universitetində Xocalı faciəsinə həsr olunmuş "No to War" sərgisindən tutmuş, Azərbaycanın 28 May – Müstəqillik Gününə həsr olunmuş "101 Dama" şahmat turnirinədək bir çox tədbirlər təşkil etmişəm.
Əminəm ki, burada iştirak edən və etmək imkanı olmayan dəyərli həmvətənlərimin də sadalayacağı çox şey var. Ancaq yaşadığımız sosial şəbəkələşmə dövründə, sadəcə, bununla kifayətlənmək düzgün deyil. Bugünkü qurultayda sizə təqdim edəcəyimiz “History of Shusha” adlı qısametrajlı film artıq bir ildir ki, üzərində işlədiyimiz “History of Azerbaycan” layihəsinin bir hissəsidir. Bu layihədə mənə dəstək olan Kanadada fəaliyyət göstərən “ELTV Production”un rəhbəri Elçin Muxtarova, eləcə də davamlı dəstəyini əsirgəməyən Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkür edirəm.
Bu layihənin əsas məqsədi Azərbaycan tarixində baş vermiş mühüm hadisələri dünyanın beynəlxalq dili olan ingilis dilində qısa və dolğun şəkildə çatdırmaqdır. Bir də bu filmlər sosial şəbəkədə, dialoqlar zamanı və tarixi günlərdə əsaslı mənbə kimi istifadə oluna bilər.
Biz dünyanın bir çox ölkələrində bacardığımız qədər Vətənimizi təbliğ etməyə çalışır, qürur hissi ilə onun milli-mədəni irsi, multikultural mədəniyyəti, dövlətçilik tarixi və indi də Zəfər tarixi haqqında qürurla danışırıq.
Dünya azərbaycanlılarına üz tutaraq demək istəyirəm: bizim bir xalq kimi birlyimizin qorunması, dünyaya səpələnmiş 50 milyon azərbaycanlının istər fiziki, istər mənəvi yolla birləşmə nöqtəsi Azərbaycan dövlətidir. Qloballaşmanın sürətləndiyi dünyanın inteqrasiya təlaşında milli kimliyimizin qorunması, xaricdə doğulmuş övladlarımızın ata-ana Vətənini, milli dəyərlərimizi unutmaması, “Mənim çoxəsrlik xalqım və qüdrətli dövlətim var” deyə bilməsi üçün bu dövlətin hər daşını sevməklə yanaşı, onun çiçəklənməsi və güclənməsi üçün də mütləq və mütləq “Mən bu gün Vətən üçün nə etdim?” deməliyik. Hər gün ən azı bir xariciyə Vətənimizi tanıtmağı bacarmalı, erməni işğalçılarının dağıtdığı bu torpaqların acısını çatdıraraq bərpa prosesinə töhfələr verməyə çalışmalıyıq.
Hörmətli xanımlar və cənablar!
Xaricdə yaşayan minlərlə soydaşımız bu gün mənim tutduğum bu kürsüdə olmaq, Vətənə məhəbbətini, Sizinlə və Azərbaycan əsgəri ilə duyduğu qürurunu bildirmək istərdi. Bu şərəfə layiq görüldüyüm üçün çox xoşbəxtəm. Sizə, Azərbaycan Ordusuna, xalqımıza xaricdə yaşayan çoxmilyonlu soydaşlarımızın ən xoş diləklərini çatdıraraq, hər zaman Azərbaycanın gücünə güc qatmağa hazır olduğumuzu bildirmək istəyirəm.
Diqqətiniz üçün təşəkkür edirəm!