...

Almaniyada yaşayan azərbaycanlı riyaziyyatçı, professor, Humboldt mükafatı alan ilk azərbaycanlı Məsud Əfəndiyevin ÇIXIŞI

26.04.2022

Əziz və dəyərli Qurultay iştirakçıları!
Sizlərlə bu möhtəşəm Qurultayda bir yerdə olmağımdan çox məmnunam. Mən Vətən müharibəsindən sonra Şuşada, azad Şuşamızda ikinci dəfəyəm və Sizlərin hansı hisslər keçirdiyinizi çox yaxşı başa düşürəm.
Əminəm ki, bu günlər ərzində sizlərlə bir yerdə Diasporla İş üzrə Dövlət Komitəsinin əldə etdiyi uğurları yada salmaqla yanaşı, qarşımızda duran vacib məsələləri, yeni çağırışlara adekvat cavabların tapılmasını ətraflı müzakirə edəcəyik.
İnanın ki, bir diaspor olaraq qarşımızda duran mühüm məsələlər 44 günlük Vətən müharibəsindən sonra heç də azalmamışdır, tam əksinə, daha da artmışdır. Dünyada yaşayan Azərbaycan diasporunun üzvləri millətindən asıl olmayaraq, bütün bəşəriyyətə sübut etdilər ki, bu diaspor müzəffər xalqımızın və onun Müzəffər Ali Baş Komandanının çağırışı ilə bir dəqiqə ərzində diaspor ordusuna çevrilə və qarşısına qoyulan bütün məsələləri layiqincə, şərəflə yerinə yetirə bilir. Mən bu uğurları son illərdə diaspor sahəsində aparılan düzgün siyasətin nəticəsi kimi qiymətləndirirəm.
Mən 31 ildən çoxdur davamlı olaraq Almaniyada yaşayır, çalışıram və ən azı Almaniyadakı diasporumuzun ağsaqqalarından biri sayılıram. Azərbaycan diasporunun bu illər ərzində keçirdiyi həm çətin, həm də şərəfli mərhələlərinin şahidi olmuşam. Vaxt məhdudiyyətini nəzərə alaraq bunları sadalamağa ehtiyac duymuram və bu məsələləri təbii ki, panel iclaslarında müzakirə edə bilərik. Zənnimcə, bunlar taktiki və strateji hədəflərimizi müəyyən etməkdə mühüm rol oynaya bilər.
Bütün bunları görən, dəyərləndirən bir Azərbaycan diaspor nümayəndəsi olaraq, tam səmimiyyətimlə demək istəyirəm ki, son illər Diasporla İş üzrə Dövlət Komitəsi özünün intibah dövrünü yaşayır. Bu, özünü yeni çağırışlara sistemli yanaşmaqda, dünya azərbaycanlılarının olduğu coğrafi məkanı və orada olan siyasi mühiti nəzərə alaraq diaspor siyasətini buna uyğun olaraq həyata keçirməsində daha çox göstərir.
Diaspor Komitəsi əvvəlki illərdən fərqli olaraq, diaspor siyasətinin spesifikliyini daha çevik nəzərə alır, dünya azərbaycanlılarından gələn təklifləri bərabərhüquqlu tərəf kimi dəyərləndirir. Belə yanaşma son illər Dövlət Komitəsinə və onun rəhbərliyinə olan rəğbəti və inamı ciddi surətdə artırmış, həmçinin son illərdə əldə etdiyimiz nailiyyətlərin əsasını təşkil etmişdir desəm, yanılmaram.