“Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda II panel iclası
Moderator: Elşad Əliyev - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini
Florida Amerika Azərbaycan İcmasının rəhbəri Esmira Bayramovanın ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
Hörmətli qurultay iştirakçıları!
Sizin hər birinizi günəşli Florida ştatından salamlayıram. Bu gün sizin hər biriniz kimi, mənimçün də cox böyük şərəfdir ki, illərlə həsrətini çəkdiyimiz gözəl Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edirəm.
Qarabağın işğaldan azad olunması öncə şərəf və igidlik, sonra ədalət və nəhayət, şanlı bir tarix oldu. Bu şərəfi Azərbaycan xalqına nəsib edən şanlı ordumuza və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, həmçinin bizə bu işğaldan azad olunmuş torpaqlarımızı ziyarət etmək imkanı yaradan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə bu gün bütün xaricdə yaşayan azərbaycanlılar adından təşəkkür edirəm.
Döyüş nə qədər çətin olursa, zəfər də bir o qədər şanlı olur. Bizim əldə etdiyimiz bu zəfər dünya tarixinə həkk olundu və əbədi yaşayacaqdır. Biz, xaricdə yaşayan azərbaycanlılar da bu şanlı qələbənin tarixlərdə yaşaması üçün əlimizdən gələni edəcəyik. Əlbəttə, bu şərəfli işdə bizlərə, dünya azərbaycanlılarına Diaspora Komitəsinin dəstəyi əvəzsizdir.
Mənə bu paneldə çıxış imkanı verdiyiniz üçün minnətdaram və fürsətdən istifadə edərək Qarabağımızın gələcək inkişafında, bərpa və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri mövzusuna toxunmaq istərdim.
Belə ki, azad edilmiş ərazilərdə qurulacaq “smart-city”, “smart-village” - yəni “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının ilk növbədə dünyada baş verən qlobal cağırışlara cavab verəcəyinə və Qarabağ regionunu texnoloji investisiyalar üçün maraq mərkəzinə çevirəcəyinə inanırıq. Ümumiyyətlə, “smart city” konsepsiyasını işğaldan azad olunmuş ərazilərdə reallığa çevirmək üçün ilk növbədə davamlı beynəlxalq təcrübələri öyrənmək, əsasən informasiya və kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərində çalışan həmvətənlərimizin imkanlarından geniş istifadə etmək lazımdır.
Ağıllı şəhər yanaşmasını ən çox tətbiq edən 5 şəhər - Sinqapur, London, Amsterdam, Honq-Konq və Nyu-York həm də dünyanın əsas turizm mərkəzləridir. Deməli, “ağıllı şəhər” texnologiyaları böyük potensiala malik Qarabağ regionunda turizm sektorunu inkişaf etdirmək üçün əlavə imkan yarada bilər. Bu aspektdən pilot layihə kimi Şuşa şəhərini “ağıllı şəhər”ə çevirmək onun turizm potensialına əlavə üstünlük yaradılacaq. Məsələn, Şuşada interaktiv məlumatverici lövhələrin quraşdırılması, turizm xidmətləri ilə bağlı mobil tətbiqlər, tarixi abidələr, keçmiş münaqişənin izləri haqqında məlumat verən robot-bələdçilər, intellektual nəqliyyat sistemi, “yaşıl enerji” istehsalının tətbiq olunması ilə cəzbedici, ekoloji təmiz turizm məkanlarının yaradılması regiona xarici turist axınını artıracaqdır.
“Ağıllı şəhər”lə bərabər, post-konflikt ərazilərində “ağıllı kənd” layihəsinin də həyata keçirilməsi nəzərdə tutulub. Beynəlxalq təcrübədə “smart village” dedikdə, kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həlli və daha da önəmli olan, kənd ərazilərində yeni iqtisadi imkanların yaradılması başa düşülür. Ağıllı kənd texnologiyası rəqəmsallaşma, kənd sərhədlərindən daha böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatı deməkdir.
İşğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd” texnologiyalarını tətbiq etməklə, müsbət nümunələrin Vətənimizin hər bir kəndinə tətbiqi tədricən həyata keçərsə, müasir dövrün əsas problemlərindən olan şəhərə axının qarşısı alınar, torpaqlarımızın bərəkəti artar, yeni nəsillərə sağlam yaşam imkanları genişlənər.
Yekun olaraq bir daha vurğulamaq istərdim ki, xaricdə tech sahəsində böyük uğurlar qazanmış həmvətənlərimizin iştirakı ilə “ağıllı şəhər” texnologiyalarının tətbiqi Qarabağ regionunu dünyanın süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və eyni zamanda Azərbaycanın innovasiya-startap fabrikinə çevirə bilər.
Tətbiq olunacaq yeni texnologiyalar və layihələrlə bağlı davamlı məlumat almaq və təklilflərimizi bölüşə biləcəyimiz platforma olarsa, biz də öz növbəmizdə həm texnologiya sahəsində çalışan, həm bu sahəyə investisiya etmək imkanı olan soydaşlarımızı, eləcə də xarici ölkələrdəki müvafiq əlaqələrimizi Vətənimizin dirçəlişinə yönəltmək üçün əlimizdən gələni etməyə hazırıq.
Diqqətinizə görə təşəkkür edirəm!