Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürün ÇIXIŞI
Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar!
Dünya Azərbaycanlılarının Zəfər qurultayının dəyərli iştirakçıları!
Hər birinizi səmimi qəlbdən salamlayıram. İcazə verin, ilk növbədə Zəfər qurultayının keçirilməsi münasibətilə bütün dünya azərbaycanlıları və şəxsən öz adımdan Sizə öz dərin təşəkkürümü bildirim.
Bu qurultayın Azərbaycan və Türk Dünyasına uğurlu və faydalı olmasını arzu edirəm. Bayramımız mübarək olsun!
Hörmətli dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Haqq verilmirsə, alınar” deyərək qəhrəman oğullarımız, şanlı ordumuz ilə Qarabağa günəş kimi işıq saçdı. 30 illik siyasi fəaliyyətləri uydurma və unutdurma olan adı böyük dövlətlərə, ATƏT və Minsk Qrupuna böyük bir dərs verdi. Cənab Ali Baş Komandan 44 günlük müharibənin sonunda bizim 30 illik yasımıza son qoydu. Müdrik siyasəti, qətiyyəti, mərdliyi sayəsində və eyni zamanda “oğlum vətənə qurban olsun!” deyən igid ata və anaların, xalqın dəstəyi ilə haqq-ədaləti bərpa etdi.
Qarabağ savaşı dünya hərb tarixində, XXI əsrdə hər şeyi ilə tayı-bənzəri olmayan böyük bir hərbi dühanın, düşüncənin bariz nümünəsi oldu. Bu müharibə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.
“Qardaş dar gündə bəlli olur” deyirlər. İştə o qardaş Türkiyə dar günümüzdə, Qarabag savaşında hər zaman, hər bir şeyi ilə yanımızda və bizə dayaq idi. Qardaş Türkiyə sağ olsun, var olsun, birliyimiz daimi olsun!
Qarabağ zəfərini görmədən dünyalarını dəyişən bibilər, əmilər, atalar, analar, nənələr, oğul və qızlarımızın, şəhidlərimizin və onların valideynlərinin qarşısında baş əyirəm. Qazilərimizi, müharibə iştirakçılarımızı, ordumuzu və bütün vətən övladlarımızı salamlamaq istəyir, bir daha onların hər birinə dərin minnətdarlığımızı bildirirəm.
Cənab Prezident İlham Əliyev artıq təkcə 50 milyonluq azərbaycanlıların deyil, 100 milyonlarla türkün Ali Baş Komandanı və qürurudur. O, atasının qoyduğu yolda gedən, atasının ruhunu şad edən bir oğul kimi təkcə Zərifə xanımın deyil, həm də bütün Azərbaycan analarının övladı oldu.
Bu zəfərə gedən yolda, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və diaspor təşkilatlarının dünyanın hər bir yerində mücadilə verdiyini ve 100 illik erməni diasporunu darmadağın etdiyini, Azərbaycan dövlətçiliyi yolunda diasporun ən faydalı qurumlardan biri olduğunu gördük. Hər zaman olduğu kimi, bu müharibə dövründə də diasporumuz öz Ali Baş Komandanının yanında oldu və öz dəstəyini göstərdi
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq!” sözləri cənab Ali Baş Komandanın xalqına, millətinə verə biləcəyi ən gözəl və müjdəli xəbər oldu bizim üçün. Bunun üçün ayrıca təşəkkür edirəm.
Biz də öz növbəmizdə demək istəyirik ki, “Əziz Şuşa, səni yaşatmağa və səndə yaşamağa gəldik”.
Sözün əsl mənasında 44 günlük Vətən müharibəsində göstərdiyi üstün dövlət adamlığı bacarığı ilə İlham Əliyev Azərbaycan dövlətinin sonsuzluğa gedən yolda dönməz, sarsılmaz və əbədi bir dövlət olmasını təmin etdi. Əsl Ali Baş Komandan kimi 30 il ərzində ümidini itirmiş, başı əyilmiş millətimizin başını bu zəfərlə ucaltdı. Eşq olsun! Eşq olsun! Eşq olsun!
Fəxr edirəm ki, mən azərbaycanlıyam! Nə mutlu “Türküm” deyənə! Fəxr edirəm ki, mənim dövlətimin başçısı Zəfərin komandanı, müzəffər İlham Əliyevdir. Arzu edirəm ki, millətimizin, xalqımızın, dünya türklərinin, ordumuzun ona olan sevgisi, inamı daimi olsun! Allah Prezidentimizi qorusun !
Gələcək qurultayda görüşmək arzusu, ümidi ilə sağ olun!