...

Diaspor rəhbərləri şəhid Əliheydər Kazımovun xatirəsinə həsr olunan şahmat turnirində iştirak edib

26.04.2022

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində baş tutan Dünya Azərbaycanlılarının V Qurultayının Rusiyadan olan bir qrup iştirakçısı şəhid Əliheydər Kazımovun xatirəsinə həsr olunmuş şahmat turnirinin final mərhələsində iştirak edib, qaliblərə mükafatlar təqdim ediblər.

Moskva vilayətində Oçakova-Matviyevski rayonu üzrə Azərbaycan Milli Mədəni Muxtariyyatının sədri Əli Kazımovun qardaşı Əliheydər Kazımov 1992-ci ildə - I Qarabağ savaşında şəhid olub. Ə.Kazımovun çalışdığı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsindəki 228 saylı məktəbə onun adı verilib, xatirəsinə bulaq inşa edilib, bu il isə şəhidin əziz xatirəsinə həsr olunmuş məktəbdaxili şahmat turniri təşkil edilib. Turnir Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı keçirilən tədbirlər çərçivəsində Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmr ilə baş tutub.

Məktəbin direktoru Səkinə Rzayeva, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Aydın Mahmudov, millət vəkili Aydın Hüseynov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov, rayon təhsil işçiləri Həmkarlar Komitəsinin sədri Zümrüd Rzayeva, şəhidin qardaşı - Moskva vilayətində diaspor rəhbəri Əli Kazımov və Rusiyadan gəlmiş digər icma rəhbərləri çıxış edərək, tədbirin əhəmiyyətini vurğulayıblar. Turnirin “Şuşa ili”nə töhfə olmaqla yanaşı, gənc şahmatçıları ruhlandırmaq üçün də vacibliyini qeyd ediblər.

Çıxış edənlər Dünya Azərbaycanlılarının tarixi Zəfər qurultayından da bəhs edərək, tədbirin müxtəlif ölkələrdə yaşayan söydaşlarımızın birliyi və həmrəyliyi baxımından müstəsna rolu olduğunu, Vətən müharibəsi zamanı informasiya savaşına, eləcə də ordumuza maddi-mənəvi dəstək göstərmiş diasporumuzun qarşısında yeni məqsəd və vəzifələr qoyduğunu bildiriblər.

Tədbirin sonunda çempionatın qalibləri medal və mükafatlarla, bir qrup müəllim isə fəxri fərmanla təltif olunub. Çempionatı qonaqlarla yanaşı, valideynlər də maraqla izləyib.