...

Yaponiyada azərbaycanlı bəstəkarların əsərləri təqdim edilib

26.04.2022

Yokohama şəhərində Bakı Musiqi Akademiyasının 100 illiyinə və Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmasının 30 illiyinə həsr olunmuş qala-konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və bu ölkədə yaşayan azərbaycanlı musiqiçi Gülnarə Azuma-Səfərovanın təşkilatçılığı ilə baş tutan konsertdə yapon musiqiçiləri Azərbaycanın dünya şöhrətli bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və Arif Məlikovun ölməz əsərlərini təqdim ediblər. Azərbaycan bəstəkarlarının Yaponiyada ilk dəfə ifa olunan bu əsərləri tamaşaçıların alqışları ilə qarşılanıb.

Tədbir çərçivəsində bəstəkar Qara Qarayevin not kitablarının təqdimat mərasimi də təşkil edilib. Yaponiyanın “ZEN-ON” musiqi nəşriyyatı ilə bəstəkarın oğlu Fərəc Qarayev arasında bağlanmış müqaviləyə əsasən, 2022-ci ilin aprel ayından bu ölkədə Qara Qarayevin əsərlərinin çap olunmasına başlanılıb.