...

Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb

22.04.2022

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb.

Qurultayı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açıq elan edib və qurultay iştirakçılarını Qarabağ torpağında salamlayıb.

Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Prezident İlham Əliyev tədbirdə geniş nitq söyləyib, azad Qarabağda, azad Şuşada keçirilən qurultayın əhəmiyyətini vurğulayıb, IV qurultaydan ötən müddət ərzində Azərbaycan diasporunun fəaliyyətinə qiymət verib və gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini çatdırıb.

“Qurultaydan-qurultaya” sənədli filminin nümayişindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov məruzə ilə çıxış edib, IV Qurultaydan ötən müddət ərzində Komitənin və Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair videohesabat təqdim olunduqdan sonra Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Qurultay iştirakçıları adından Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür, Almaniyada yaşayan dünya şöhrətli alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Aleksandr fon Humboldt mükafatına layiq görülmüş ilk azərbaycanlı Məsud Əfəndiyev və Kanadada fəaliyyət göstərən “Vətən” İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova çıxış edib.

Qurultayın “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda keçirilən ilk panel iclası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə baş tutub. İclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Almaniya Azərbaycanlıları Alyansının sədri, tibb elmləri doktoru Nuran Abdullayev, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, Böyük Britaniyada fəaliyyət göstərən “Sara Xatun” Qadınlar Cəmiyyətinin rəhbəri Simuzər Baloğlanova və Türkiyənin “Star” qəzetinin xarici siyasət yazarı, araşdırmaçı jurnalist Sevil Nuriyeva çıxış edib.

“Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda ikinci panel iclasının moderatoru isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev olub. İclasda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacı, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Danimarkada Azərbaycan diasporunun fəal üzvü, azərbaycanlı tibb professoru Məsud Aşina, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Azərbaycanlı Əməkdaşlar Assosiasiyasının təsisçisi Bəxtiyar Kərimov, Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri Niyazi Niyazov, Florida Azərbaycan icmasının mərkəzi, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Esmira Bayramova çıxış edib.