Əziz Sancar Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçılarını təbrik edib
Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, ABŞ Milli Elmlər Akademiyasının üzvü Əziz Sancar ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Görkəmli elm xadiminin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir:
“Əziz həmvətənlərim, hörmətli Qurultay iştirakçıları!
Sizləri Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu Qurultayın mədəniyyətimizin beşiyi sayılan Şuşamızda keçirilməsi Qurultaya tarixi bir önəm və xüsusi bir yaraşıq verir. Böyük məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, Dünya Azərbaycanlılarının və Azərbaycan diasporunun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rolu vardır.
Bu tarixi missiyanın uğurla həyata keçirilməsində son illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrindən tutmuş hər bir fərdinin rolu ibrətamiz sayılmalıdır. Azərbaycanın 44 günlük Vətən savaşında heç birimizin gözünə yuxu getmədi. Belə bir tarixi anda millətindən asılı olmayaraq, xaricdə yaşayan həmvətənlərimizi Diasporla İş üzrə Dövlət Komitəmiz yalnız buraxmadı, bizləri informasiya bataqlığından çıxararaq, həqiqətləri əks etdirən məlumatlarla operativ şəkildə təmin etdi, dünyanın hər bir guşəsində vətəndaşlarımızı səfərbər etməklə yanaşı, dünyanın ən vacib siyasi mərkəzlərində möhtəşəm nümayişlərimizi koordinasiya etdi. Xüsusi vurğulamaq istərdim ki, xaricdə yaşayan həmvətənlərimiz 44 günlük Vətən savaşında əlindən gələn hər şeyi etdi, bu şərəfli imtahandan və savaşdan xalqımızla bir yerdə alnıaçıq və qələbəylə çıxdı. Azərbaycan diasporu xalqımızla bərabər Müzəffər Ali Baş Komandanın “dəmir yumruq” şüarına sadiq qaldı. Eşq olsun Sizlərə!
Xoşbəxt insanlarsınız ki, bu Qurultayda iştirak edirsiniz. Şüşamızın məftun gözəlliyini, onun əzəmətini, əyilməz qamətini görməklə yanaşı, əcdadlarımızın bizə əmanət qoyduğu tariximizi bu Qurultayda iştirak etməklə davam etdirirsiniz. Mən keçən il dekabrın 4-də Şuşamızı Məsud bəy və başqa dəyərli dostlarımızla ziyarət etdim və ən ümdə arzularımdan birinə - Şuşamızı görmək və orada Yuxarı Gövhər Ağa məscidində namaz qılmaq arzuma yetişdim.
Xüsusi vurğulamaq istərdim ki, bizlərə əsla arxayınçılıq yaraşmaz, zatən hamımız da bunun fərqindəyik. Qarşıda bizi Azərbaycanımız naminə böyük işlər gözləyir və əminəm ki, Qurultayda bu məsələləri dərindən müzakirə edəcəksiniz və ümumi işimizə töhfələrinizi verəcəksiniz.