Florida ştatındakı beynəlxalq sərgidə azərbaycanlı tələbələr ölkəmizi təmsil ediblər
ABŞ-ın Florida Dövlət Universitetində (FIU) keçirilən VII İllik Ümumdünya Sərgisində ölkəmiz təmsil olunub.
Universitetdə fəaliyyət göstərən Azərbaycan-Amerika Gənclər Təşkilatının təşəbbüsü ilə yaradılmış Azərbaycan guşəsində ölkəmizin qədim tarixini və zəngin mədəniyyətini əks etdirən kitablar, xalçalar, suvenirlər, fotomateriallar və Azərbaycan brendləri nümayiş etdirilib. Florida Dövlət Universitetində təhsil alan milli geyimli azərbaycanlı tələbələr sərgi iştirakçılarına multikultural dəyərlərə malik olan ölkəmiz barədə ətraflı məlumat veriblər.
Tədbirdə çıxış edən Azərbaycan-Amerika Gənclər Təşkilatının rəhbəri Aydın Eminov bildirib ki, multikulturalizm dünyada ksenofobiya və irqçiliyi aradan qaldırmaq üçün hamımızın can atmalı olduğumuz dəyərdir. Nəzərə çatdırıb ki, tarixi vətəni olan Azərbaycan dövlətində bütün xalqlar mehribanlıq və dostluq şəraitində yaşayır. Məhz bunun nəticəsidir ki, 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri çiyin-çiyinə vuruşaraq, torpaqlarımızın işğaldan azad olunmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində misilsiz qəhrəmanlıqlar göstəriblər.
Qeyd edək ki. sərgidə Yaponiya, Türkiyə, Pakistan, Hindistan, Venesuela, Keniya, Özbəkistan və digər ölkələr təmsil olunublar.