“Qədim Şuşa” adlı rəsm sərgisi keçirilib
Bakı Kitab Mərkəzində (BKM) “Gənc tərtibatçı rəssamlar” dərnəyi üzvlərinin “Qədim Şuşa” adlı rəsm sərgisi keçirilib.
2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan tədbirdə yerli ictimaiyyətin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, xaricdən gələn diaspor təşkilatlarının rəhbərləri və valideynlər iştirak ediblər.
Sərgiyə baxışdan sonra çıxış edən BKM-nin direktoru Günel Anarqızı, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayeva, “My Way” Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Alyona Bədəlova, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova gənc rəssamları təbrik edib, onlara uğurlar arzulayıblar.
Bildirilib ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın öz sahibinə qovuşmasının sevincini yaşayır. Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı olaraq Şuşanın əvvəlki şan-şöhrətini özünə qaytarması, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə «Şuşa İli» elan edilməsi, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpa olunması ilə qədim şəhərimizin dünyanın diqqətini bir daha özünə cəlb etdiyi vurğulanıb.
Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza çatdırarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” fikrinin və bu hadisədən bir qədər sonra tarixi Zəfərimizi elan etməsinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və dostlarımız tərəfindən böyük sevinc və fəxarət hissi ilə qarşılandığını, ölkəmizə hər zaman qələbənin yaraşdığını vurğulayan natiqlər bildiriblər ki, Qarabağın tacının uşaqların düşüncələri əsasında, rənglərin dili ilə çatdırılması, rəsmlərdə özünün ifadəsini tapması bir daha torpaq, Vətən sevgisini ortaya qoyur. “Belə tədbirlərin təşkilində birgə təşkilatçılıq göstərməklə Şuşanın təbliğinə öz töhfəmizi verir, 30 ilə yaxın düşmən tapdağı altında qalan musiqi beşiyinin füsunkar gözəlliyinin rəsmlər vasitəsilə təbliğindən xoş hisslər keçiririk”, - deyə Alyona Bədəlova əlavə edib.
Nəzərə çatdırılıb ki, tarixi Zəfərimizin təbliğində Azərbaycan diasporu yüksək rol oynayıb. Bütün dünya Vətən müharibəsinin gedişində və post-müharibə dövründə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında soydaşlarımızın birliyinin və həmrəyliyinin şahidi olub.
“Bu gün hər birimiz qürurluyuq. Azərbaycan xalqı tarixi Zəfəri ilə yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. Tezliklə Şuşa tam bərpa olunaraq turistlərin üz tutduğu ünvana çevriləcək. Mədəniyyət paytaxtımızın gözəlliyini seyr etmək, onun tariximizə şahidlik edən hər daşı, qayası ilə ünsiyyətdə olub, onları rəsmlərin dili ilə insanlara çatdırmaq böyük şərəf və məsuliyyətdir. Şuşa hər bir azərbaycanlı üçün əzizdir. Dünyaya səs salan, dastana çevrilən “Şuşa əməliyyatı” da bu qədim şəhərin önəmini nümayiş etdirir”, - deyə İradə Axundova vurğulayıb.
Tədbirin sonunda “Təbəssüm” rəqs qrupunun ifasında “Qarabağ” rəqsi təqdim edilib və sərgi iştirakçıları diplomlarla mükafatlandırılıb.