Norveçin “Klassekampen” qəzetinə etiraz bildirilib
Norveçin “Klassekampen” qəzetində "Azərbaycan haqqında yanlış fikir" sərlövhəli məqalə dərc olunub.
Bu ölkədə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpurun qələmə aldığı məqalə bir neçə gün öncə həmin qəzetdə çap olunmuş "Gizli müharibə: Azərbaycan Dağlıq Qarabağda yeni hücumlara başlayır” sərlövhəli müsahibəyə cavab olaraq yazılıb.
Soydaşımız söz və ifadə azadlığı mövcud olan Norveç mediasında birtərəfli, qərəzli və təhrif dolu fikirlərin yer aldığı yazıdan təəccübləndiyini bildirib və norveçli jurnalisə etiraz edib. “Norveçdəki media istehlakçılarının Qarabağ münaqişəsi haqqında ümumi məlumatı yoxdur. Ermənistanda yaşayan bir erməni ailəsinə istinadən hazırlanan bu müsahibədə jurnalistin məqsədi Qarabağ müharibəsinin mülki əhali üçün fəsadlarını işıqlandırmaqdırsa, həm Ermənistandan, həm də Azərbaycandan olan bir ailədən müsahibələr götürərək balanslaşdırılmış məqalə hazırlayardı. O zaman media istehlakçıları özləri də imic formalaşdıra bilərdilər. Amma bunun əvəzinə, jurnalist Qarabağla bağlı faktları, məsələn, bu regionun 30 ilə yaxın müddət ərzində işğal altında olması kimi faktı qəsdən xatırlatmayıb. Qarabağa bir milyon minanın qoyulduğu da qeyd olunmur”.
Diaspor təşkilatının sədri nəzərə çatdırıb ki, Qarabağın işğalı 800 mindən çox azərbaycanlının zorakı yolla deportasiyasına gətirib çıxarıb və bu, BMT-nin Təhlükəsizlik Şurası (TŞ) tərəfindən pislənilib. BMT TŞ-nin 4 (822, 853, 874 və 884 saylı) qətnaməsində Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunub.
Müəllif hazırda dünyada baş verənlərin fonunda norveçli jurnalistin erməni separatçılarına hamilik edən dövlətin mənbəyinə istinad edərək, Azərbaycanla bağlı uydurma məlumat yaymasını “ironik hal” və “uğursuz cəhd” adlandırıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://klassekampen.no/utgave/2022-04-12/debatt-misvisende-om-aserbajdsjan