Haaqa şəhərində Qərbi Azərbaycan icmasının nümayəndəliyi yaradılıb
Niderlandın Haaqa şəhərində Avropada yaşayan Qərbi azərbaycanlıların toplantısı keçirilib.
Niderland-Azərbaycan Türk Kültür Dərnəyində baş tutan tədbir Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli və Azərbaycan Dillər Universitetinin dosenti, QAİ-nin beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyevanın iştirakı ilə gerçəkləşdirilib.
Tədbir iştirakçıları Avropada yaşayan bütün Qərbi azərbaycanlıları birləşdirmək məqsədilə QAİ-nin nümayəndəliyinin təsis edilməsinin vacibliyini müzakirə ediblər. Bu nümayəndəliyin Haaqa şəhərində açılması təklifi irəli sürülüb.
QAİ-nin sədr müavini Həqiqət Hacıyeva yeni təsis edilən icma nümayəndəliyinin məqsəd və məramından danışıb. Sonra QAİ-nin Avropa nümayəndəliyinin idarə heyətinin (İH) üzvləri seçilib. Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədr müavini Sima Cəfərova QAİ-nin Niderlanddakı ilk nümayəndəliyinin sədri, Bənövşə Əzizova sədr müavini, Gülnarə Əliyeva nümayəndəliyin mətbuat katibi təyin edilib.
Göstərilən eimada görə QAİ-yə minnətdarlıqlarını bildirən İH üzvləri gələcək işlərə dair fikir mübadiləsi aparıb, təkliflərini səsləndiriblər. QAİ-nin Niderland nümayəndəliyinin bütün Avropada mərkəzlərinin açılması qərara alınıb.