...

Şimali Kiprdə həftəsonu Azərbaycan milli məktəbi təşkil edilib

08.04.2022

Şimali Kiprdə yaşayan soydaşlarımızın övladları üçün həftəsonu Azərbaycan milli məktəbi fəaliyyətə başlayıb.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) yeni layihəsi əsasında təşkil olunan məktəbdə dərslər hər həftənin şənbə günləri keçiriləcək. Dərslərdə 8-14 yaş arası məktəblilər iştirak edəcəklər.

AKDC-nin sədri Orxan Həsənoğlu bildirib ki, adada yaşayan soydaşlarımızın övladlarının dil problemi yoxdur, çünki onlar yüksək səviyyəli yerli məktəblərdə təhsil alırlar. Lakin onların milli-mənəvi dəyərlərimizdən uzaq qalmamaları üçün müəyyən addımların atılması vacibdir. Bu layihə çərçivəsində Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi və rəsm sənəti tədris ediləcək. Layihə çərçivəsində xüsusi tədris proqramlarını tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi, Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsinin professoru, bəstəkar Cavanşir Quliyev, Lefke Avropa Universiteti Türk dili və ədəbiyyatı kafedrasının müdiri dosent Nazim Muradov, Şimali Kiprdə yaşayan azərbaycanlı rəssam Arzu Məmmədnəbi İncər xüsusi dərs proqramları həyata keçirəcəklər. Layihənin əlaqələndiricisi Şimali Kiprdə yaşayan pedaqoq Mətanət Aydındır.

“Övladlarımıza dərs deyəcək müəllimlərimiz ölkəmizin yetişdirdiyi misilsiz ziyalılardır. Onlardan dərs almaq özü bir məktəbdir. Əminliklə deyə bilərik ki, bu layihə uşaqların gələcəkdə diasporumuzu uğurla təmsil etməsinə təkan olacaq”, - deyə O.Həsənoğlu bildirib.