Komitə sədrinin Qızılbaş Qlobal İrsi Şurasının üzvləri ilə görüşü olub
Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Qızılbaş Qlobal İrsi Şurasının (Qizilbash Global Heritage Shura) müxtəlif ölkələrində yaşayan bir qrup üzvü ilə görüşü keçirilib.
Onlayn formatlı görüşdə bildirilib ki, Babək Hüseynli və Kanadada yaşayan Arşi Qızılbaşın təşəbbüsü ilə Qızılbaş Qlobal İrsi Şurası 2022-ci ildə Kanadada rəsmi olaraq qeydiyyatdan keçib. Əcdadları Azərbaycanın tarixi torpaqlarından köçərək, digər ölkələrdə məskunlaşan Qızılbaş əsilli soydaşlarımızın birgə fəaliyyətini koordinasiya etmək, onlara Azərbaycan dili və mədəniyyətini tanıtmaq, ölkəmizə, cəmiyyətimizə inteqrasiya edilmək məqsədilə bu təşkilatın yaradıldığı nəzərə çatdırılıb. Qeyd edilib ki, 20-dən artıq ölkəni təmsil edən çoxsaylı etnik qruplar Qızılbaş icması sırasında birləşərək fəaliyyət göstərir. “Facebook” sosial şəbəkəsində "Qizilbash Global Heritage Şura” səhifəsində bir araya gələn Qızılbaş mirasının daşıyıcıları müxtəlif sahələrdə fikir və informasiya mübadiləsi aparırlar. Qrup üzvlərinin əksəriyyətini gənclər təşkil edir. Əcnəbi dövlətdə doğulub, yaşadığı ölkənin bir parçasına çevrilən, qloballaşma dövrünün reallıqları ilə qarşılaşan gənclər soyköklərinə bağlılığa maraq göstərir, qızılbaş və Azərbaycan əsilli olmaları ilə qürur duyurlar.
Görüş iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çoxsaylı Azərbaycan diasporunun sırasında yeni təşkilat kimi Qızılbaş Qlobal İrsi Şurasını və üzvlərini görməkdən məmnun olduğunu bildirib. Xaricdə yaşayan soydaşlarımızla bağlı Azərbaycan dövlətinin diaspor siyasəti əsasında fəaliyyət göstərən Komitənin həyata keçirdiyi çoxşaxəli işlər, layihələr və proqramlar haqqında məlumat verib. Xalqımızın tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayan sədr Azərbaycan dilinin təbliği istiqamətində atılan addımlar və gələcək əməkdaşlıq perspektivləri haqqında mühüm məqamlara diqqəti cəlb edib.
Görüş iştirakçıları səmərəli əməkdaşlığın davam etdirilməsi və Azərbaycanla daha sıx əlaqələr qurulması istiqamətində öz töhfələrini vermək imkanlarının olacağına ümid etdiklərini vurğulayıblar.
Xatırladaq ki, Qızılbaşlıq hərəkatı Azərbaycan, İran, İraq və Şərqi Anadoluda yaşayan türk tayfalarının tarixində yeni bir səhifə açıb. Bu tayfanın hakim mövqedə olduğu Səfəvilər dövləti həm də "Qızılbaşlar dövləti” adlandırılıb. Səfəvilər dövləti bugünkü Azərbaycan, İran, İraq, Ermənistan, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistan, Şərqi Türkiyə, Şimal-Şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib.