...

İsveçrədə Azərbaycandakı mina problemindən bəhs edilib

05.04.2022

Cenevrə mətbuat klubunda “Azərbaycanda minaların məhvinə aparan yol: beynəlxalq çağırış” mövzusunda panel iclası keçirilib.

Minalarla bağlı məlumatlılığı artırmaq və onların məhv edilməsi istiqamətində irəliləmək və dəstək göstərmək məqsədilə gerçəkləşdirilən tədbirdə BMT-də akkreditasiyadan keçmiş Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (İRDG) katibi Ruçard Belliti, Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun (GIWEH) baş direktoru Nidal Səlim, Davamlı İnkişaf Məqsədləri üzrə Gənclər Parlamentinin (YPSDG) icraçı direktoru Noa Karri, proqram koordinatoru Aya Linda çıxış ediblər.

Natiqlər Azərbaycanın Qarabağ bölgəsinə səfər zamanı Ermənistan hərbi qüvvələri tərəfindən basdırılmış mina sahələrinin monitorinqini aparmalarına dair mülahizələrini bölüşüblər.

Qeyd edilib ki, IRDG Azərbaycan ərazisində qalan partlayıcı müharibə qalıqlarının əhali üçün yaratdığı təhlükədən dərin narahatdır. Hazırda Azərbaycan əlində olan bütün imkanlarla müharibə qalıqlarının aradan qaldırılması ilə məşğul olmaqla yanaşı, 750 min məcburi köçkünün sosial inteqrasiyası üzərində də çalışır. Lakin bölgə müharibənin qalıqlarından tam təmizlənməyincə, əhalinin geri qayıtması mümkün deyil.

Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsinin minalardan təmizlənməsinə ayırdığı resurslara baxmayaraq, müharibə qalıqları ilə bağlı problemin effektiv həlli üçün maliyyələşdirmə təşəbbüsləri vasitəsilə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir. “Beynəlxalq yardım insanların həyatını xilas etməyə kömək edəcək, məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmağa imkan verəcək və təsirə məruz qalan ərazilərin və insanların davamlı inkişafını təmin edəcək”, - deyə vurğulanıb.

Azərbaycanda mina partlaması sahəsində mülkü insanların həlak olduğuna və yaralandığına diqqəti cəlb edən çıxışçılar erməni iştirakçılarından birinin “Minaları kim basdırıb?” kimi absurd sualına birmənalı olaraq “Ermənistan silahlı qüvvələri” cavabını veriblər. Onlar nəzərə çatdırıblar ki, Azərbaycanın Qarabağ bölgəsində səfərdə olarkən Ermənistan tərəfinin törətdikləri dəhşətli dağıntıların və ekoloji fəlakətin canlı şahidi olublar.

BMT-nin davamlı inkişaf proqramında 17 məqsədin olduğunu xatırladan təşkilat təmsilçilərindən biri mina məsələsinin 18-ci məqsəd kimi sənədə əlavə olunmasının gündəmə gətirilməsi təklifi ilə çıxış edib. Azərbaycanda yaranmış durumu nümunə gətirən natiq bildirib ki, mina məsələsini həll etmədən bütün digər məqsədlərin gerçəkləşdirilməsi qeyri-mümkündür.