...

Niderlandda “Xocalıya ədalət!” saytı fəaliyyətə başlayıb

05.04.2022

Niderland Krallığındakı “Stichting Together Strong” Assosiasiyasının “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası çərçivəsində yeni layihəsi olan https://justiceforkhojaly.nl saytının fəaliyyətinə start verilib.

Bu barədə məlumat verən Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Stichting TogetherStrong” Assosiasiyanın təsisçisi İlkanə Qoca bildirib ki, sayt Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar 2022-ci ilin əvvəlində yaradılıb. Niderland dilində Xocalı həqiqətlərini əks etdirən ilk saytda xalqımıza qarşı törədilmiş digər qətliamlar, soyqırımlar və toplu qəbirlər haqqında da məlumatlar dərc ediləcək.

Onun sözlərinə görə, Xocalı qətliamına dair bir neçə istiqamətdə böyük layihə hazırlayan “Stichting Together Strong” Assosiasiyası Niderland Parlamentinin Nümayəndələr Palatasının Xarici İşlər Komissiyası ilə sıx əlaqələr qurub. “Yerli mütəxəssislərdən məsləhətlər aldıq. “Stichting Together Strong”un layihə çərçivəsində hazırladığı rəsmi məktub bütün icma üzvlərinə, soydaşlarımıza, Niderland Krallığının Nümayəndələr Palatasının Xarici İşlər Komissiyasına göndərilib”, - deyə o vurğulayıb.

Assosiasiyanın digər fəaliyyət istiqaməti yazıçı, publisist Iradə Əlilinin “Xocalı: şahidlər danışır” kitabının Niderland dilinə tərcüməsi olub. Layihə çərçivəsində kitabın ölkənin rəsmi şəxslərinə, deputatlarına, nüfuzlu iş adamlarına və yerli ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. Bu layihə yerli ictimaiyyətdə və Azərbaycan əsilli niderlandlı gənclərdə böyük maraq oyadıb. Hazırda Xocalı faciəsi ilə bağlı Niderlandda ilk dəfə yerli dildə nəşr olunan kitabın təkrar çap olunması və elektron nüsxəsinin ölkədəki onlayn kitabxanaların elektron bazalarında yerləşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Stichting Together Strong” Assosiasiyası yarandığı gündən Azərbaycan və Qarabağ həqiqətləri, xalqımızın başına gətirilən faciələr haqqında geniş təbliğat işi aparıb, faktlarla zəngin təhlillər əsasında erməni saxtakarlığını, irticaçılığını dünya ictimaiyyətinə təqdim edir.