...

Haaqada 31 Mart soyqırımı qurbanlarının xatirəsi yad edilib

31.03.2022

Niderlandın Haaqa şəhərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlham Aşkının təşkilatçılığı ilə baş tutan tədbirdə 31 Mart soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Sonra 1918-ci il 31 mart-3 aprel tarixlərində Stepan Şaumyanın rəhbərliyi ilə bolşeviklərin və daşnak erməni silahlı dəstələrinin Bakıda və Azərbaycanın bölgələrində yaşayan azərbaycanlılara qarşı törətdikləri amansız soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.

Məruzəçi qismində çıxış edən Azərbaycan Dillər Universitetinin dosenti, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan icmasının beynəlxalq əlaqələr üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Həqiqət Hacıyeva 104 il öncə xalqımızın başına gətirilən mart soyqırımı, deportasiyalar və dəhşətli müsibətlər barədə ətraflı məlumat verib.

Tədbirdə Türk-İslam Kültur Cəmiyyətinin sədri Tahsin Cətinqaya, Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova, “Azerbaijani Ladies Club”ın rəhbəri Kəmalə Cəlilova, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, CDA partiyasından Betul Sen-Avci, D 66 partiyasından Tolunay Azər, DENK partiyasından Funda İləri çıxış ediblər. Bildirilib ki, erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza və türk dünyasına qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirməsi bəşəri cinayətlərdir. Xalqımızın və türk dünyasının bu cinayətləri unutmayacağı və unutdurmayacağı nəzərə çatdırılıb.