...

Novruz bayramı Leninoqorskdakı icmaları bir araya gətirib

30.03.2022

Rusiya Federasiyası Tatarıstan Respublikasının Leninoqorsk şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

“Birlik” Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Mədəniyyət Sarayında baş tutan tədbirdə Azərbaycan, tatar, özbək və tacik icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən “Birlik” Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov, Leninoqorsk rayonunun başçısı Ryaqat Xusainov, “Tatarıstan” ictimai birliyinin sədr müavini Emin Ramazanov, özbək icmasının sədri Hasanbay Əzizov, tacik icmasının rəhbəri Nizomiddin Eşonov, Ümumdünya Tatarlar Konqresinin Leninoqorsk şöbəsinin sədri Fəridə Axmetşina və başqaları Novruz bayramını qeyd edən bütün xalqları təbrik ediblər. Sülh, barış, dostluq, qardaşlıq, birlik, həmrəylik, bərəkət və nikbinlik mahiyyətli bayramın hər ocağa sevinc, xoşbəxtlik və firavanlıq gətirməsini arzulayıblar.

Tatarıstanın Əməkdar mədəniyyət işçisi, Hərbi-Tarixi Elmlər Akademiyasının müxbir üzvü, UNESCO-nun “Dünyanın qızılgülü” medallı kavaleri Mars İsxakov “Əmək şücaəti” Ümumrusiya ictimai təşkilatının adından Ramiz Məmmədova və Emin Ramazanova “Əmək şücaəti” medalını təqdim edib.

Bayram proqramı ilə davam edən tədbirdə Samaranın “Qarabağ” xoreoqrafiya kollektivi, Bakıdan dəvət olunan azərbaycanlı müğənni, beynəlxalq müsabiqələr laureatı Asif Əliyev və başqaları çıxış ediblər.

Tədbir çərçivəsində türk dünyası xalqlarının zəngin mədəni irsini, Novruz bayramına xas ənənələrini əks etdirən sərgi təşkil edilib.

Bayram şənliyi yerli mətbuatda geniş işıqlandırılıb.