İsrailin Netanya şəhərindəki sinaqoqda Novruz şənliyi keçirilib
İsrailin Netanya şəhərində yerləşən Bet-İsrael sinaqoqunda qadınlardan ibarət Azərbaycan və İsrail milli rəqs qruplarının iştirakı ilə Novruz şənliyi keçirilib.
Azərbaycan və İsrail bayraqlarının yan-yana asıldığı şənlikdə İsrail milli mətbəxinin də əlavə edildiyi ənənəvi Novruz süfrəsi açılıb. Sinaqoqun qadın ziyarətçilərinin qatıldığı tədbirdə qonaqlara Azərbaycana aid jurnallar və digər məlumatlandırıcı materiallar təqdim edilib, habelə peşəkar rəqs qrupları tərəfindən Azərbaycan və İsrail xalq rəqsləri ifa olunub.
Novruz bayramı haqqında ətraflı məlumatın təqdim olunması ilə başlayan şənlikdə Novruz ilə yəhudi milli bayramı olan Pesax arasında çoxlu oxşarlıqların olduğu müxtəlif nümunələrlə diqqətə çatdırılıb. Azərbaycandan mühacirət etmiş və İsraildə yaşayan yəhudi icması nümayəndələri öz çıxışlarında Azərbaycanda tarixən yəhudilərə isti və dost münasibət göstərilməsini minnətdarlıq hissi ilə qeyd edib, Novruz və Pesax bayramlarını Azərbaycanda olduğu kimi, İsraildə də azərbaycanlılarla birlikdə qeyd etdiklərini ifadə ediblər.
Şənlik iştirakçıları rəqs qrupları ilə birlkdə Azərbaycan və İsrail milli rəqslərini ifa ediblər.