Marneulidə Novruz bayramı münasibətilə tədbir keçirilib
Marneulidə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.
Gürcüstan İctimai Kollecinin təşkilatçılığı və "Azerbaijan House"un dəstəyi ilə baş tutan tədbiri giriş sözü ilə açan Marneuli bələdiyyə məclisinin üzvü, Marneuli İctimai Kollecin direktoru Mahir Bayramov azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov Novruz bayramının BMT və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini deyərək bildirib ki, Novruz "yeni gün" mənası verən, gecə və gündüzün bərabərləşdiyi gün kimi qeyd olunur və bütün dünyada 300 milyon nəfərdən artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul edilir.
"Azerbaijan House"-un direktoru Məhəbbət İmanov qeyd edib ki, Novruz bayramı baharın gəlişi ilə yanaşı, xalqımızın kimliyini, adət-ənənəsini, tolerantlıq və multikultural dəyərlərini, mədəniyyətini, incəsənətini, milli mətbəxini özündə birləşdirən əziz bayramımızdır.
Marneuli bələdiyyəsinin infirastruktur və şəhərsalma komisiyyasının sədri Adil Əliyev, İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) aparatının nümayəndəsi Giorgi Tabaxadze, Kolleclər Assosiasiyasının sədri İa Eradze, Marneuli üzrə Bağçalar Birliyinin rəhbəri Zaur Kərəmov, Qaçağan kənd 2 nömrəli məktəbinin müəllimi Esmira Ələkbərli və təhsil üzrə ekspert Nino Qomelauri bayram münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik ediblər.
Tədbirdə “Sarvan” rəqs qrupunun ifasında azərbaycan və gürcü milli rəqsləri, Kosa və Keçəlin məzəli əhvalatları, gənclərin hazırladıqları musiqi parçaları, şeirlər və aşıq ifaları təqdim olunub.