Novruz bayramı Cenevrədə müxtəlif millətləri bir araya gətirib
İsveçrənin Cenevrə şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib.
Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun üzvləri, İsveçrə ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov soydaşlarımızı və qonaqları bayram münasibətilə təbrik edib, sülh, barış, nikbinlik, qonaqpərvərlik mahiyyətli qədim və gözəl bayram ənənələrini yaşadan xalqlara minnətdarlığını bildirib.
Tədbir bayram tonqalının alovlandırılması və bədii proqramla davam edib. Azərbaycan diasporunun fəalı Mariya Xan Xoyskayanın rəhbərlik etdiyi uşaq yaradıcılıq qrupunun ifasında şeir və mahnılar səsləndirilib, milli rəqslər və səhnəciklər nümayiş etdirilib.