“Azərbaycanlıların Fransaya mühacirəti” kitabı fransız dilində nəşr olunub
Fransada fəaliyyət göstərən “Kəpəz” Nəşriyyat Evi fransız dilində “Azərbaycanlıların Fransaya mühacirəti” adlı kitabı çap edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə işıq üzü görən kitabın müəllifi Vazeh Əsgərovdur. Müəllifin əsas məqsədi XIX əsrin sonlarından dövrümüzədək soydaşlarımızın Fransaya mühacirətinə dair tarixi faktları araşdırmaq olub.
Kitaba Fransada məskunlaşmış məşhur azərbaycanlılar haqqında 10-dək biblioqrafik məlumat daxil edilib. Müəllif son 25 ildə təkcə Azərbaycandan deyil, 5 qonşu dövlətdən (Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran) də Fransaya miqrasiya etmiş azərbaycanlı ailələrin bu ölkədə yerləşməsi haqqında geniş tədqiqat işi aparıb.
Kitabda həmçinin Azərbaycanın çar Rusiyası və İran arasında ikiyə bölünməsi ilə başlanan siyasi immiqrasiyanı doğuran əsas məsələlər, köçürülmə siyasətinin qurbanlarına çevrilmiş azərbaycanlıların öz doğma yurdlarından didərgin salınmasının səbəbləri kimi mövzulara aydınlıq gətirilib. Qafqaz və ona yaxın məkanda yerləşən Türkiyə, İran və Rusiyada inqilablarla müşayiət olunan XX əsrin əvvəllərinin mənzərəsi, deportasiyalar, ilk respublika, dünya müharibələri, repressiyalar, siyasi rejim, Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslər və digər siyasi hadisələrin törətdiyi miqrasiyaların nəticələri kimi mövzular araşdırılıb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda bəhs olunan məsələ azərbaycanlıların miqrasiyasının öyrənilməsi baxımından xüsusi maraq doğurur.
Qeyd edək ki, “Kəpəz” Nəşriyyat Evi bundan öncə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabını çap edib.