Barselona Azərbaycan Evində Nobruz bayramı təşkil edilib
İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən Azərbaycan Evində xalqımızın qədim Novruz bayramına həsr olunmuş şənlik keçirilib.
“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin və Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov təbiətin oyanmasının və yenilənməsinin rəmzi olan Novruz bayramı münasibətilə qonaqları təbrik edib. Bildirib ki, tarixi Zəfərimizdən sonra Novruz bayramının doğma Qarabağ diyarında ikinci dəfə qeyd edilməsi bütün xalqımızı və dünya azərbaycanlılarını ürəkdən sevindirir. Novruzun hər soydaşımızın evinə xoş ovqat gətirməsini, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş etməsini arzulayan cəmiyyət rəhbəri milli adət-ənənələrimizin unudulmaması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərməyin vacibliyinə diqqəti cəlb edib.