Parisdə azərbaycanlı və fransız uşaqları üçün Novruz şənliyi təşkil edilib
Paris şəhərindəki Azərbaycan Evində Novruz bayramına həsr olunmuş bayram şənliyi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycanın Fransada Dostları Assosiasiyasının dəstəyi və Paris Azərbaycan Evinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan tədbirdə paytaxt və ətraf şəhərlərdə yaşayan azərbaycanlı və fransız uşaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva qonaqları Novruz bayramı münasibətilə təbrik edib. Sülh, barış və nikbinlik rəmzinə çevrilmiş Novruz bayramının tarixindən danışan sədr milli adət-ənənələrimizi özündə əks etdirən bu bayramın nəsildən-nəslə ötürülməsinin vacibliyini nəzərə çatdırıb.
Layihə rəhbəri Mehri Quliyeva uşaqlara Novruz ənənələri barədə məlumat verdikdən sonra fransız uşaqlara bayram oyunları (papaqatma, yumurta döyüşü və s.) nümayiş etdirilib. Uşaqlara şəkərbura hazırlamağın və Novruz süfrəsini bəzəməyin qaydaları öyrədilib.
Tədbirin bədii hissəsində azərbaycanlı uşaqlar Novruz bayramına həsr olunmuş mahnılar, milli rəqslər ifa ediblər, səhnəciklər təqdim ediblər.
Tədbir çərçivəsində azərbaycanlı rəssamlar Mehri Quliyeva və Ruziyə Xəlilovanın boz ayın dörd çərşənbəsinə və xalqımızın qədim tarixinin, mədəni irsinin, zəngin folklorunun təcəssümü olan Novruz bayramına həsr olunmuş rəsm əsərlərinin sərgisi təşkil edilib.