...

Manisada təntənəli Novruz bayramı təşkil edilib

24.03.2022

Türkiyənin Manisa şəhərindəki Cümhuriyyət meydanında Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

Manisa valiliyinin, Manisa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı, Manisa-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin iştirakı ilə baş tutan tədbirdə yerli dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xalq rəqsləri ilə başlayan tədbir zamanı Manisa-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Şentürk Hoşgül bayram xonçalarını Manisa valisi Yaşar Karadenizə və Böyükşəhər Bələdiyyəsinin sədri Cengiz Ergünə təqdim edib.

Sonra Novruz tonqalının alovlandırılması, üzərindən atılması və dəmir döyülməsi mərasimi gerçəkləşdirilib.

Bayram şənliyi Cəlal Bayar Universitetinin Muradiyə düşərgəsində davam edib. Manisa Azərbaycanlı Tələbələr Topluluğunun qatıldığı tədbirdə Novruz xonçası universitet rektoru Əhməd Ataça təqdim edilib.

Mərasim əyləncəli proqram və konsertlə başa çatıb.