Rotterdamda Vətən müharibəsi sonrası hadisələrdən danışılıb
Niderlandın Rotterdam şəhərində “44 günlük müharibədən sonra” adlı layihə çərçivəsində görüş keçirilib.
Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədovun təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən BAK-ın sədri Elsevər Məmmədov, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva diqqəti Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa cəlb ediblər. Müharibədən öncə, müharibə zamanı və müharibədən sonra çiyin-çiyinə fədakarcasına çalışan soydaşlarımızın Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə və beynəlxalq təşkilatlara çatdırılması naminə həyata keçirdikləri fəaliyyət istiqamətlərindən danışılıb.
Sonra “Miqrasiya proseslərinin tətbiqi” İctimai Birliyinin sədri, Dr. Fəridə Hicran Vəliyeva “44 günlük müharibədən sonra” layihəsi çərçivəsində məruzə ilə çıxış edib. Xalqımızın və ordumuzun göstərdiyi birlikdən bəhs edən məruzəçi işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsindən danışıb. Erməni işğalı müddətində Qarabağın şəhər və kəndlərinin, tarixi memarlıq abidələrinin darmadağın edilməsindən, təbiətimizə vurulan ziyandan ürək ağrısı ilə söz açan birlik sədri Prezident İlham Əliyevin apardığı məntiqli və uzaqgörən siyasətə, bu siyasi kurs nəticəsində əldə edilən hərbi uğurlara diqqəti cəlb edib. Bildirib ki, şanlı Qələbəmiz yurd həsrəti çəkən bütün qəlblərin məlhəmi olub, xalqımıza Vətən torpağına qayıdış sevincini yaşadıb.
Parlaq qələbəmizin əldə olunmasında xaricdə yaşayan həmvətənlərimizin xidmətlərini də xatırladan məruzəçi göstərdikləri fədakarlığa görə diaspor təşkilatlarına və fəallarına təşəkkürünü bildirib. Xalqımızın haqq səsinin, Vətənimizin təbliğinin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması naminə gələcək işlərində Niderlandda fəaliyyət göstərən bütün icma üzvlərinə uğurlar arzulayıb.