İsraildə Novruz bayramına həsr olunmuş tədbir keçirilib
İsrailin Petah-Tikva şəhərində xalqımızın qədim Novruz bayramına həsr olunmuş bayram şənliyi keçirilib.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbir bu ölkədə yeni yaradılan Azərbaycan diaspor təşkilatının rəhbəri Şakir Əhmədova məxsus “Azərbaycan” restoranında gerçəkləşdirilib.
Tədbirdə çıxış edən “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman və başqaları xalqımızı və dünya azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik ediblər. Bildirilib ki, sülh, barış və nikbinlik rəmzinə cevrilmiş Novruz bayramının İsraildə də qeyd edilməsi artıq ənənə halını alıb.
Bayram şənliyi Novruz bayramı ənənələrinə həsr olunmuş viktorina ilə davam edib. Qaliblərə müxtəlif hədiyyələr təqdim edilib.
Tədbir Azərbaycan musiqisinin, şeirlərin səsləndirilməsi və bayrama həsr olunmuş videoçarxların nümayişi ilə yekunlaşıb.