...

Almaniyada “Sülhə doğru” adlı konsert təşkil edilib

14.03.2022

Almaniyanın Bad Meinberg və Horn şəhərlərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Sülhə doğru” adlı konsert keçirilib.

Almaniyada yaşayan tanınmış musiqiçi və bəstəkar Xədicə Zeynalovanın rəhbərlik etdiyi “Bridge of Sound” orkestrinin 12-13 mart 2022-ci il tarixlərində baş tutan konsertində yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsert öncəsi Xədicə Zeynalova 30 il öncə Ermənistan silahlı birləşmələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırım aktı barədə ətraflı məlumat verib. Sonra onun bəstələdiyi “Ave Maria – Məryəm ana” kompozisiyası təqdim edilib. Kompozisiyanı Xədicə Zeynalova (piano), Vsevolod Xuotarinen (akkordion), İrina Kiçakova (violin), İlay Dahan (violonçel), İrina Trutneva (soprano), Darya Mottebassam (metsosoprano), Rio Sato (tenor) ifa ediblər.

Konsert yerli mətbuatda geniş işıqlandırılıb.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.