Tokat və Kütahyada Xocalı soyqırımının qurbanları yad edilib
Türkiyənin Tokat və Kütahya şəhərlərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Azərbaycanlı Tələbələr Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə universitetlərin müəllim-tələbə heyəti, yerli ictimaiyyətin nümayəndələri və gənc soydaşlarımız iştirak ediblər.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirlərdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə və xalqımıza qarşı qəsbkar, təcavüzkar, etnik təmizləmə siyasəti yeritməsi barədə ətraflı danışıblar. Bildirilib ki, Ermənistan silahlı birləşmələrinin Xocalıda dinc sakinlərə qarşı törətdiyi qətliam bəşəri cinayətdir və bu dəhşətli faciəni mülki əhaliyə yaşadanlar ədalət mühakiməsi qarşısında cavab verməlidirlər.
Tədbir çərçivəsində Xocalı soyqırımı həqiqətlərindən bəhs edən broşürlər paylanılıb.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.