Minnesota ştatındakı soydaşlarımız Börnsvil meri ilə görüşüblər
Minnesota-Azərbaycan Assosiasiyasının İdarə Heyəti üzvlərinin Dakota dairəsindəki Börnsvil (Burnsville) şəhərinin meri Elizabet Kautzla görüşü keçirilib.
Görüş zamanı merə icmamız, soydaşlarımızın ştatın ictimai-siyasi və humanitar sahələrinə töhfələri, Azərbaycanın coğrafiyası, qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri və əsrarəngiz təbiəti barədə müfəssəl məlumat verilib.
Azərbaycan əsilli amerikalıların fəaliyyətindən və ölkəmiz haqqında eşitdiklərindən çox məmnun olduğunu vurğulayan E.Kautz tanışlıq xarakteri daşıyan görüşün tərəflər üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.
Minnesota-Azərbaycan Assosiasiyasının sədri Günel Rallis hesab edir ki, Azərbaycan icmasının tanıdılması və fəaliyyətinə diqqəti yönəltmək məqsədi ilə baş tutan görüş ştatın dövlət strukturlarının nümayəndələri ilə möhkəm əlaqələr qurmaq istiqamətində atılan mühüm addımlardan biridir.