Türkiyədə keçirilən teatr festivalına Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı da qatılıb
Türkiyənin Balıkesir şəhərində keçirilən I teatr festivalında Rusiya Federasiyasının Dağıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı da iştirak edib.
Festivalın açılış mərasimində teatrın truppasının ifasında “Tikanlı sevgi dairəsi” tamaşası təqdim edilib. Azərbaycanlı dramaturq İftixar Piriyevin pyesi əsasında səhnələşdirilmiş tamaşanın rejissoru Azərbaycanın əməkdar artisti Sərvər Əliyevdir.
Böyük maraqla və alqışlarla qarşılanan tamaşadan sonra çıxış edən Balıkesirin Altıeylül Bələdiyyəsinin sədri Həsən Avcı bildirib ki, qardaşlıq və mədəni əlaqələrlə sıx bağlı olan Türkiyə, Azərbaycan və Dağıstanı belə festivallar bir-birinə daha da yaxınlaşdırır. Sonra bələdiyyə sədri aktyorların peşəkar oyununa və tamaşanın səhnələşdirilməsinə görə Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərova və teatrın baş rejissoru Sərvər Əliyevə festivalın mükafatını, aktyor heyətinə diplomları təqdim edib.
Göstərdiyi diqqətə və səmimi qəbula görə Həsən Avcıya minnətdarlığını bildirən Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov festival iştirakçılarına Dağıstan Respublikasının mədəniyyət naziri Zarema Butayevanın, Dərbənd şəhərinin rəhbəri Rüstəmbek Pirmaqomedovun salamlarını çatdırıb və xatirə hədiyyələrini təqdim edib.