...

Pyatiqorskda Xocalı soyqırımının qurbanları yad edilib

02.03.2022

Rusiya Federasiyası Stavropol vilayətinin Pyatiqorsk şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin ofisində baş tutan tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən “Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov və başqaları bildiriblər ki, xalqımız 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda dinc azərbaycanlılara qarşı xüsusi amansızlıqla soyqırımı törətdiyini heç vaxt unutmayacaq və unutdurmayacaq.

XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımın bəşəri cinayət olduğunu, amma indiyədək Xocalı cəlladlarının cinayət məsuliyyətinə cəlb edilmədiyini, cəzasızlıq presedentinin gələcəkdə bu cür cinayətlərin təkrarlanmasına zəmin yaratdığını xatırladan natiqlər beynəlxalq ictimaiyyətdən bu istiqamətdə qətiyyətli addımlar atılmasını tələb ediblər.

Tədbir çərçivəsində Xocalı soyqırımı qurbanlarına həsr olunmuş anım guşəsi yaradılıb.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.