...

Misirli tələbələr Azərbaycan dilini öyrənməyə böyük maraq göstərirlər

07.03.2022

Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisi bu il də davam etdirilir.

Universitetin 4-cü kürs tələbələrinə doğma dilimizi “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir.

300 nəfərə yaxın tələbəyə doğma dilimizlə yanaşı, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir. Dilimizi peşəkarcasına mənimsəməyə böyük maraq göstərən gənclər Qahirədəki diaspor mərkəzində fəaliyyət göstərən kurslarda iştirak etmək üçün birlik sədrinə müraciət ediblər.

Qeyd edək ki, ötən illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən bir qrup tələbə hazırda diaspor mərkəzində təhsilini davam etdirir. Müdavimlər doğma dilimizdən ərəb dilinə məqalələr tərcümə edir yerli mətbuatda Azərbaycan həqiqətləri, ədəbiyyatı və mədəniyyəti ilə bağlı məqalələrlə çıxış edirlər. Bu nümunəni onlara ustadları, tədqiqatçı-alim Seymur Nəsirov göstərir. İndiyədək alimin ərəb mətbuatında Misir mənbələrinə istinadən Azərbaycan həqiqətlərinə, tarixinə, ədəbiyyatına və mədəniyyətinə dair çoxlu sayda araşdırmaları və məqalələri dərc olunub.

Hazırda diaspor mərkəzində dünyanın 35 ölkəsindən 400 nəfərə yaxın tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.