Almaniya mediasında Xocalı soyqırımından bəhs edilib
Almaniyanın “freitag.de” və “trtdeutsch.com” portallarında “Xocalı soyqırımının 30 illiyi” və “Xocalı qətliamının 30-cu ildönümü: sıxışdırılmış, gizlədilmiş, unudulmuş!” sərlövhəli məqalələr dərc olunub.
Diaspor fəalları Fəxrəddin Hacıbəylinin və Samir Həsənovun qələmə aldıqları məqalələrdə beynəlxalq hüquq normasına məhəl qoyulmadan 1992-ci il fevralın 25-dən 26-na keçən soyuq qış gecəsində sayca üstün və yaxşı silahlanmış erməni birləşmələrinin bölgədə yerləşən 366-cı sovet motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücuma keçdiyi və dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdiyi barədə ətraflı məlumat verilib.
“Human Rights Watch” beynəlxalq təşkilatının baş verənləri I Qarabağ müharibəsinin “ən böyük mülki qırğını” kimi təsnif etdiyini xatırladan müəlliflər Xocalı soyqırımını bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri adlandırıblar.
“The New York Times”, “Le Monde”, “Sunday Times”, “Financial Times”, “İzvestiya”, “Times”, “Crual L'Eveneman” kimi qəzetlərin Xocalıda baş verən faciəni əks etdirən məqalələr dərc etdiyi bildirilib və həmin məqalələrdən çıxarışlar oxucuların nəzərinə çatdırılıb. “Tayms” qəzetinin 4 mart 1992-ci il tarixli buraxılışında Xocalı hadisələrindən bəhs edilərkən “insanların hissələrə parçalandığı, balaca bir qızın yalnız başının qaldığı” kimi dəhşətli təfərrüatların təsvir olunduğu vurğulanıb.
Qeyd edilib ki, 30 il keçməsinə baxmayaraq, Ermənistanda heç kim Xocalıda baş verən bəşəri cinayəti etiraf etmək istəmir: “Bu barədə müzakirələr tabu hesab olunur. Əksinə, bu qanlı faciəni törədən canilər müqəddəsləşdirilir və ictimaiyyətə “qəhrəman” kimi təqdim olunur”.
Qərb, o cümlədən Almaniya hüquq müdafiəçilərinin və media nümayəndələrinin bu cinayətlə bağlı susması qəbuledilməz hal kimi qiymətləndirilib.
Məqalələri ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://www.freitag.de/autoren/fakhri/ein-internationaler-blick-30-jahre-massaker-von-chodschali