...

Çilidə yaşayan azərbaycanlı alim nəzəri bilik və təcrübəsi barədə mühazirə oxuyub

04.03.2022

Çilinin Adolfo İbanez Universitetinin Mühəndislik və elm fakültəsinin bərpa olunan enerji üzrə magistr proqramının dosenti və təsisçi-akademik direktoru Şəhriyar Nəsirov ölkəmizdə keçirilən liberal elektrik enerjisi bazarları sahəsində onlayn seminara məruzəçi qismində qatılıb.

Energetika Nazirliyinin təşkilatçılığı ilə baş tutan seminarda Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi, “Azərişıq” ASC və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.

5 gün davam edən təlim zamanı liberal elektrik enerjisi bazarlarının xüsusiyyətləri və üstünlükləri, bazar mexanizmləri, resurslardan səmərəli istifadə, elektrik bazarlarında risklərin idarə edilməsi, bazar monitorinqi və digər mövzular barədə ətraflı məlumat verilib, təqdimatlar nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, əslən Kəlbəcərdən olan Şəhriyar Nəsirov 1984-cü ildə Tərtər rayonunda anadan olub. Çilinin Adolfo İbanez Universitetinin Elm və Mühəndislik fakültəsinin professoru olan soydaşımız bu ali məktəbdə bərpa olunan enerji texnologiyaları və idarəetmə üzrə İcraçi MBA proqramının qurucusu və akademik direktorudur. Eyni zamanda Çili dövlətinin maliyyələşdirdiyi Günəş Enerji Tədqiqat Mərkəzinin baş elmi işçisidir. 2017-ci ildə “İlin ən yaxşı gənc tədqiqatçısı mühəndislik və texnologiya” mükafatına layiq görülüb. Çili və Azərbaycan arasında iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsini təşviq edən Çili-Azərbaycan Biznes Şurasının qurucularından biri və həmin şuranın icraçı direktorudur.

O, Diasporla İş üzrə Dövlət Komitəsinin “Beyin qazanma proqramı” layihəsində fəal iştirak edərək, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup professor-müəllim heyətinə və tələbələrinə mühazirə söyləyib.

Vətənpərvərliyi ilə seçilən Şəhriyar Nəsirov Azərbaycan həqiqətlərini Cənubi Amerika xəbər saytlarında fəal şəkildə təbliğ edir. Onun qələmə aldığı “Ağdaban faciəsi: həyatımın ən ağır etirafı”, “Qarabağda nə baş verir?” sərlovhəli məqalələrdə Ermənistanın 1992-ci ildə azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər, torpaqlarımızı işğal etməsi barədə ətraflı məlumat verilib. Vətən müharibəsi dövründə məlumat xarakterli paylaşımları ilə Çili mediasının diqqətini çəkməyi bacaran professor Salvadordakı “Beynəlxalq Düşüncələr” Mərkəzində Qarabağ həqiqətlərinə dair mühazirə ilə çıxış edib.