Leninoqorskda Xocalı soyqırımı qurbanları yad edilib
Rusiya Federasiyası Tatarıstan Respublikasının Leninoqorsk şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Leninoqorsk şəhər və rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyəti “Birlik” ictimai təşkilatının dəstəyi ilə baş tutan tədbirdə yerli ictimaiyyətin nümayəndələri, müharibə veteranları, KİV nümayəndələri və soydaşlarımız iştirak ediblər.
Azərbaycandakı “Tatarıstan” ictimai birliyinin sədr müavini Emin Ramazanovun moderatorluğu ilə aparılan tədbirdə “Birlik” ictimai təşkilatının sədri Ramiz Məmmədzadə, Leninoqorsk şəhərinin fəxri vətəndaşı Mars İsxakov, Azərbaycan diasporunun fəal üzvü Kamal Atakişiyev, Müqəddəs Üçlük kilsəsinin baş rahibi İohan Antipov, şəhər sovetinin deputatı, Vladimir Kojevnikov və başqaları çıxış ediblər. Natiqlər Ermənistan silahlı birləşmələrinin 30 il öncə Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri qətliamı bəşəri cinayət adlandırıblar. Bildirilib ki, Azərbaycan dövləti və xalqı dünya ictimaiyyətinin bu faciəni soyqırımı aktı kimi tanıması üçün “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasını ildən-ilə daha da genişləndirir.
Sonra Rusiyanın Arxangelsk, Kalininqrad, Moskva, İstra, Xabarovsk, Volqoqrad, Voljsk, Nazran, Leninoqorsk, Naberejnıye Çelnı, Kursk, Vladivostok şəhərlərində yaşayan gənc azərbaycanlıların müxtəlif dillərdə “Xocalıya ədalət!”, “Xocalını xatırlayırıq!” “Xocalı – Azərbaycan xalqının dərdi və faciəsidir!” şüarlarını səsləndirdikləri videoçarx təqdim edilib.
“Azərbaycan xalqı heç bir zaman Xocalı faciəsini unutmayacaq! Biz ədalət tələb edirik. Xocalı faciəsinin soyqırımı aktı, insanlığa qarşı cinayət kimi tanınmasını istəyirik”, - deyə R.Məmmədov nəzərə çatdırıb.
Tədbir çərçivəsində Xocalı soyqırımı həqiqətlərini əks etdirən fotosərgi nümayiş etdirilib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbir keçirilib.