...

Soydaşlarımız və fransız ekspertlər Xocalı soyqırımını müzakirə ediblər

03.03.2022

Fransada yaşayan soydaşlarımızın yerli ekspertlərlə birgə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş vebinarı keçirilib.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının və “ALİM” elmi cəmiyyətinin rəhbəri Günel Səfərovanın moderatorluğu ilə keçirilən vebinarda “Fransa müsəlmanları” jurnalının baş redaktoru Jan Mişel Brun, sosial elmlər üzrə beynəlxalq tədqiqatlar qrupunun (GERİSS) direktoru Naim Asas və Xocalı soyqırımının canlı şahidi Şahsuvar Mirzəyev çıxış ediblər.

Tədbirdə 30 il öncə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliam barədə ətraflı məlumat verilib. Şahsuvar Mirzəyev həmin gecə yaşanan dəhşətli hadisələri xatırlayıb və xocalıların ağrılı-acılı həyat hekayələrini vebinar iştirakçıları ilə bölüşüb.

Çıxışlar Xocalı soyqırımı həqiqətlərini əks etdirən foto və videomaterialların nümayişi ilə müşayiət olunub.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbir keçirilib.