Xocalı soyqırımı ilə bağlı Vladivostokda anım tədbiri təşkil edilib
Rusiya Federasiyası Primorsk diyarının Vladivostok şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Primorsk diyarında fəaliyyət göstərən Azərbacan diasporunun “Dostluq” ictimai təşkilatının təşəbbüsü ilə Puşkin Teatrında baş tutan tədbirdə yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən “Dostluq” ictimai təşkilatının sədri Ramiz Zeynalov və başqaları bildiriblər ki, xalqımız 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda dinc azərbaycanlılara qarşı xüsusi amansızlıqla soyqırımı törətdiyini heç bir vaxt unutmayacaq və unutdurmayacaq.
Xocalı soyqırımı şahidlərinin xatirələrini bölüşən tədbir iştirakçıları bir daha xalqımıza dərin hüzn və kədərlə başsağlıqlarını ifadə ediblər. Dünyanın gözü qarşısında kütləvi qırğın törədən Xocalı cəlladlarının indiyədək cinayət məsuliyyətinə cəlb edilmədiyini xatırladaraq beynəlxalq ictimaiyyətdən bu istiqamətdə qətiyyətli addımlar atılmasını tələb ediblər.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş film və fotosərgi nümayiş etdirilib.