Yekaterinburqda Xocalı soyqırımı ilə bağlı anım tədbiri təşkil edilib
Rusiya Federasiyasının Yekaterinburq şəhərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Azərbaycan-Ural” İctimai Milli-Mədəni təşkilatının, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki nümayəndəliyinin (AMOR) və Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə Beynəlxalq Ticarət Mərkəzində baş tutan anım tədbirində diplomatik korpusun nümayəndələri, yerli ictimai-siyasi xadimlər, Rusiya Federasiyasının Ural Federal dairəsinin Çelyabinsk, Tümen, Surqut, Serov şəhərlərindəki Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Yekaterinburq şəhərində fəaliyyət göstərən digər xalqların diaspor rəhbərləri və soydaşlarımız iştirak edibıər.
Beynəlxalq Ticarət Mərkəzinin foyesində Xocalı soyqırımını əks etdirən fotosərgiyə baxışdan sonra tədbir konfrans zalında davam etdirilib.
Azərbaycan və Rusiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xocalı soyqırımı həqiqətlərindən bəhs edən “Dərdimi çəkirəm” qısametrajlı film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev son iki əsrdə Qafqazda xalqımıza qarşı məqsədyönlü şəkildə, mərhələ-mərhələ həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıların min illər boyu yaşadıqları öz tarixi torpaqlarından, indi Ermənistan adlandırılan ərazidən didərgin salınması barədə ətraflı məlumat verib.
Ural Federal Universitetinin professoru, Azərbaycanşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru Aleksandr Nesterev, “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə, Çelyabinsk vilayəti “Ozan” Azərbaycan mədəniyyət mərkəzi ictimai təşkilatının sədri Rəfail Quliyev və başqa diaspor fəalları ermənilərin mənşəyi və onların tarixi torpaqlarımıza köçürülməsindən, Xocalıda baş verənlərin soyqırım aktı olmasından danışıblar.
Tədbirin sonunda “Bakı Film” kionstudiyasının təqdimatı ilə “Xoca” bədii filmi nümayiş olunub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbir keçirilib.