Türkistan vilayətində Xocalı soyqırımı ilə bağlı anım tədbiri təşkil edilib
Qazaxıstanın Türküstan vilayətinin Sayram rayonunun Karasu kəndində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Türkistan vilayəti “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə baş tutan tədbir Karasu kənd icra nümayəndəliyinin akt zalında gerçəkləşdirilib. Tədbirdə Sayram rayonunun dövlət orqanlarının və ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və soydaşlarımız iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və şəhidlərin ruhuna dualar oxunub. Tədbirdə “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva, Sayram rayon icra hakimiyyətinin mətbuat katibi Meruert Şontukova, Karasu kənd icra hakimi Dəmir Sidiqov, Karasu kəndində “Bazar günü” məktəbinin müəllimi Orxan Cahangir və başqaları çıxış ediblər.
30 il öncə Ermənistan hərbi birləşmələrinin dinc azərbaycanlılara qarşı Xocalıda törətdiklərini bəşəri cinayət adlandıran natiqlər xalqımıza dərin hüzn və kədərlə başsağlığı ifadə ediblər, bütün dünyada sülhün və əmin-amanlığın hökm sürməsini arzulayıblar. Qeyd edilib ki, belə faciələrin bir daha təkrarlanmaması naminə cinayətkarlar ədalət məhkəməsi qarşısında cavab verməli, layiqli cəzalarına çatmalıdırlar.
Tədbirdə “Bazar günü” məktəbinin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr edilmiş şeirləri səsləndirilib.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.