Bişkekdə Xocalı soyqırımı qurbanları yad edilib
Qırğızıstanın paytaxtı Bişkekdə Xocalı spyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçiriıib.
Azərbaycanın Qırğızıstandakı səfirliyinin və “Azəri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumlarının rəsmi şəxsləri, parlamentin deputatları, yerli ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə “Dərdimi çəkirəm” sənədli filmi göstərilib.
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, “Azəri” İctimai Birliyinin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyev, Qırğızıstan-Türkiyə “Manas” Universitetinin rektoru, professor Alpaslan Ceylan, Qırğızıstan Joqorku Keneşin (parlament) deputatı Dinara Aşımova və “Veçerniy Bişkek” qəzetinin baş redaktor müavini Nina Niçiporova çıxış ediblər.
Bildirilib ki, “dənizdən-dənizə Böyük Ermənistan” sərsəm ideyasının ən qanlı səhifəsindən biri olan Xocalı soyqırımından 30 il keçməsinə baxmayaraq, bu yara xalqımızın qəlbini indi də sızıldadır. Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın britaniyalı ekspert Tomas de Vaala verdiyi müsahibəsində Xocalı qətliamının məqsədyönlü şəkildə törədildiyini açıq şəkildə etiraf etdiyi, qətliamın dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun silsilə tədbirlər həyata keçirdiyi, şəhidlərimizin qisasının Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında alındığı, beynəlxalq hüquq normalarının və ərazi bütövlüyümüzün bərqərar olması naminə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra etdiyi nəzərə çatdırılıb.
Natiqlər bu cinayətin də yerdə qalmayacağını, Xocalı soyqırımının günahkarları olan Robert Köçəryan, Serj Sarqsyan, Seyran Ohanyan və digərlərinin bəşəriyyət qarşısında mütləq cavab verəcəklərinə əmin olduqlarını bildiriblər.
“Dərdimi çəkirəm” sənədli filmindən sarsıldığını deyən Dinara Aşumova bildirib ki, qanunverici orqanın nümayəndəsi kimi Qırğızıstanın Xocalı soyqırımını tanıması üçün səy göstərəcək. Ötən il Azərbaycanın azad edilmiş ərazilərinə jurnalistlərlə birgə səfər edən “Veçerniy Bişkek” qəzetinin baş redaktor müavini Nina Niçiporova isə gördüklərini XXI əsrin Xirosiması adlandırıb.
Tədbirin sonunda Murad Hüseynovun “İthaf” əsəri səsləndirilib. Tədbir çərçivəsində Xocalı soyqırımı həqiqətlərini əks etdirən foto və kitab sərgisi təşkil edilib.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.