...

Rusiya şəhərlərində Xocalı soyqırımı qurbanları yad edilib

03.03.2022

Rusiyanın Mahaçqala, Mineralnıye Vodı, Nalçik, Nazran, Volqoqrad və Novorossiysk şəhərlərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti, “Araz” Minvodı Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti, “Azəri” Milli-Mədəni Mərkəzi, İnquşetiya Azərbaycanlılarının Milli-Mədəni regional ictimai təşkilatı, Rusiya-Azərbaycan Birliyinin Volqoqrad Regional İctimai Təşkilatı, Krasnodar diyarı üzrə Azərbaycanlıların Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar xalqımıza dərin hüzn və kədərlə başsağlığı veriblər. Nəzərə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda dinc azərbaycanlılara xüsusi amansızlıqla divan tutmaqla beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozublar və bəşəri cinayət törədiblər.

Xalqımızın və dünya azərbaycanlılarının bu dəhşətli soyqırımı heç bir vaxt unutmayacağını vurğulayan soydaşlarımız Xocalı cəlladlarının indiyədək cinayət məsuliyyətinə cəlb edilməməsini yolverilməz hal kimi qiymətləndiriblər. Beynəlxalq ictimaiyyətin bu istiqamətdə qətiyyətli addımlar atmasının zəruri olduğu nəzərə çatdırılıb.

Tədbirlər çərçivəsində Xocalı soyqırımı qurbanlarına həsr olunmuş anım guşələri yaradılıb.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.