Haaqada Xocalı abidəsi ziyarət edilib
Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Öncə tədbir iştirakçıları Haaqa şəhərində Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edən tədbir iştirakçıları abidənin önünə çiçək və əklillər düzüblər. Sonra Haaqa şəhər məscidinin imamı Şeyx Mehmet Olqun şəhidlərin ruhuna dualar oxuyub.
Abidənin yaxınlığındakı toplantı zalında davam etdirilən tədbirdə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinın sədri İlhan Aşqın, ölkəmizin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov və Azərbaycandan gələn qonaqlar Xocalı soyqırımının törədildiyi dövrü yada salıblar, gələcəkdə belə qətilamların təkrarlanmaması üçün bütün dünya xalqlarının birgə mübarizə aparmasının vacibliyini qeyd ediblər. Bir gecədə 613 mülki azərbaycanlının amansızlıqla qətlə yetirildiyi Xocalı soyqırımının müəlliflərinin indiyədək cəzasız qalmasına etiraz bildirilib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.